Almaniya Meteorologiya Xidməti meşə yanğınları riskinin artması barədə xəbərdarlıq edib
Almaniyada davam edən isti və quraq hava şəraiti meşə yanğınları riskini əhəmiyyətli dərəcədə artırıb.
“İki sahil” xəbər verir ki, Almaniya Meteorologiya Xidməti (DWD) ölkənin bir sıra bölgələri üçün yüksək təhlükə səviyyəsi elan edib. Xəbərdarlıq əsasən Brandenburq və Baden-Vürtemberq əyalətlərini əhatə etsə də, Bavariya, Meklenburq-Ön Pomeraniya, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Saksoniya-Anhalt əyalətlərində də riskin yüksək olduğu bildirilib. DWD vətəndaşları meşələrdə siqaret çəkməməyə, kötüyü yerə atmamağa, manqal yandırmamağa və avtomobilləri quru ot örtüyü üzərində saxlamamağa çağırıb.
“Tagesschau” xəbər xidməti Almaniya Yanğınsöndürənlər Assosiasiyasının meşə yanğınları ilə daha kəsərli mübarizə aparmaq üçün xüsusi texnika və nəqliyyat vasitələrinə investisiyaların artırılmasını tələb etdiyini yazıb. Təşkilat son illərdə bu istiqamətdə irəliləyiş əldə olunsa da, əlavə ixtisaslaşdırılmış avadanlıqlara hələ də ehtiyacın qaldığını açıqlayıb.
Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb
Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib