13 iyul 2026 12:14
106

Dövlət icra məmurlarının səlahiyyətləri nələrdir?

Qanunvericilik icra məmurlarına məhkəmə və digər orqanların qərarlarının icrası üçün geniş səlahiyyətlər verir

Məhkəmə və digər orqanların qərarlarının icrasının təmin edilməsi dövlət icra məmurlarının əsas vəzifələrindən biridir. Bu məqsədlə onlara qanunvericiliklə bir sıra səlahiyyətlər verilib.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq dövlət icra məmurlarının həyata keçirdiyi tədbirlərə aydınlıq gətirib.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət icra məmurları icra sənədi əsasında icraata başlayır, borcluya qərarın könüllü icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti verir və icranın təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirirlər.

Məlumata əsasən, qərar könüllü qaydada icra edilmədikdə dövlət icra məmurları borclunun əmlak və gəlirlərinin axtarışını aparır, aidiyyəti dövlət qurumlarına sorğular göndərir, icraat tərəflərini və digər şəxsləri çağırır, əmlak üzərinə həbs qoyur, həmçinin tələbi borclunun əmlakına və gəlirlərinə yönəldirlər.

Bundan əlavə, zərurət yarandıqda borclunun axtarışa verilməsi, məcburi gətirilməsi və ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatlar verilir, inzibati xəta haqqında protokol tərtib olunur, qanunla müəyyən edilmiş hallarda isə cinayət işinin başlanması üçün aidiyyəti üzrə təqdimat göndərilir.

Qeyd olunub ki, dövlət icra məmurları qanunvericiliklə müəyyən edilmiş qaydada icra sənədlərinin bütün növlərinin icrasını həyata keçirirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”