Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ya bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlarımız arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib. Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlərimiz arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.
Tərəflər, həmçinin dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın önəmini vurğulayıblar.
Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Azərbaycana növbəti səfəri, ölkəmizdə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib.
Görüşdə, həmçinin hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Azərbaycan Milli Məclisinin sədri ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş olub
AIDA ilə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb
Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir