15 iyul 2026 00:57
88

Siqaret çəkməyənlər də risk altındadır?

Siqaretin yaratdığı sağlamlıq problemləri adətən onu istifadə edən şəxslərlə əlaqələndirilir. Lakin elmi araşdırmalar göstərir ki, tütün tüstüsünün zərərləri yalnız siqaret çəkənlərlə məhdudlaşmır. Eyni mühitdə siqaret tüstüsünü nəfəsinə çəkən insanlar da ciddi xəstəliklərə məruz qalırlar və bəzi hallarda bunun nəticələri ölümcül olur. Bu səbəbdən tütün istifadəsi artıq fərdi seçim deyil, ictimai sağlamlıq üçün qlobal təhlükə kimi qiymətləndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 8 milyondan çox insan tütün istifadəsi ilə əlaqəli səbəblərdən həyatını itirir. Bu ölümlərin təxminən 1,3 milyonu isə heç vaxt siqaret çəkməyən, lakin passiv siqaret tüstüsünə məruz qalan insanların payına düşür. Başqa sözlə, hər il milyonlarla insan başqasının vərdişinin yaratdığı riskin qurbanına çevrilir.

Məsələnin miqyasını göstərən digər göstərici isə dünyada tütün istifadəçilərinin sayıdır. ÜST hesab edir ki, hazırda dünyada 1,3 milyarddan çox insan tütün məmulatlarından istifadə edir və onların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayırlar. Bu ölkələrdə həm tütün istifadəsinin yayılması, həm də onun səbəb olduğu xəstəliklərlə mübarizə imkanlarının məhdud olması problemin daha da dərinləşməsinə səbəb olur.

Passiv siqaret tüstüsü necə təhlükə yaradır?

Əksər insanlar passiv siqaret tüstüsünü sadəcə narahatlıq yaradan qoxu kimi qəbul etsələr də, mütəxəssislər bunun əslində ciddi sağlamlıq riski daşıdığını bildirirlər. Passiv tüstü siqaret çəkənin nəfəsi ilə xaric etdiyi tüstü və yanan siqaretin ucundan ətrafa yayılan tüstünün qarışığından ibarətdir. ÜST-ün məlumatına görə, tütün tüstüsünün tərkibində 7 mindən çox kimyəvi maddə mövcuddur. Onlardan 250-dən çoxu insan sağlamlığı üçün zəhərlidir, ən azı 70 maddə isə xərçəng törədici xüsusiyyətə malikdir. İnsan siqaret çəkməsə belə, bu maddələri nəfəs almaqla orqanizminə qəbul edir. Məhz buna görə passiv siqaret tüstüsünün təhlükəsi yalnız tənəffüs sistemi ilə məhdudlaşmır. Elmi araşdırmalar göstərir ki, uzun müddət bu mühitdə qalmaq ürək-damar xəstəlikləri, insult, xroniki obstruktiv ağciyər xəstəliyi və ağciyər xərçəngi riskini artırır. Xüsusilə uşaqlar, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər passiv tüstünün təsirlərinə qarşı daha həssas hesab olunurlar.

Tütün və xərçəng arasında sübut olunmuş əlaqə

Tütün istifadəsinin ən ağır nəticələrindən biri xərçəng xəstəliklərinin yaranmasına təsiridir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) tütün istifadəsini 20-dən çox xərçəng növü üçün əsas risk faktorlarından biri kimi qiymətləndirir. Buraya ağciyər, ağız boşluğu, qırtlaq, udlaq, qida borusu, mədəaltı vəzi, sidik kisəsi, böyrək, qaraciyər, uşaqlıq boynu və digər orqanların xərçəngləri daxildir.

ÜST bildirir ki, dünyada xərçəngdən baş verən bütün ölümlərin təxminən 25 faizi tütün istifadəsi ilə əlaqəlidir. Ən ciddi vəziyyət isə ağciyər xərçəngi ilə bağlıdır. Tədqiqatlara əsasən, siqaret çəkən şəxslərin ömür boyu ağciyər xərçənginə tutulma riski siqaret çəkməyənlərlə müqayisədə 22 dəfəyədək yüksək ola bilər.

Qeyd edək ki, passiv siqaret tüstüsü də ağciyər xərçəngi üçün sübut olunmuş risk faktorudur. Yəni, insanın özü siqaret istifadə etməsə belə, uzun illər siqaret tüstüsü ilə əhatə olunmuş mühitdə yaşaması və ya işləməsi onun gələcəkdə bu xəstəliklə üzləşmə ehtimalını artırır.

Problem təkcə siqaret çəkənləri əhatə etmir

Mütəxəssislər qeyd edirlər ki, tütün istifadəsinin yaratdığı zərər yalnız istifadəçinin sağlamlığı ilə məhdudlaşmır. Evdə siqaret çəkən valideynlər uşaqlarını, iş yerlərində qapalı məkanlarda siqaret istifadə edən şəxslər isə həmkarlarını risk altında qoyurlar. Passiv siqaret tüstüsünə məruz qalan uşaqlarda bronxit, pnevmoniya, qulaq infeksiyaları, bronxial astma tutmaları və ağciyər inkişafının ləngiməsi daha çox müşahidə olunur. Hamilə qadınlarda isə passiv tüstü dölün inkişafına mənfi təsir göstərə və hamiləlik dövründə ağırlaşmaların riskini artıra bilər. Məhz bu səbəbdən qapalı ictimai məkanlarda siqaret çəkilməsinin məhdudlaşdırılması siqaret istifadəçilərinin hüquqlarını deyil, bu zərərli vərdişdən uzaq olan insanların sağlamlıq hüququnu qorumağa yönəlmiş tədbirdir.

Son illərdə bir çox ölkələr tütünlə mübarizəni gücləndirmək üçün qapalı məkanlarda tütün məmulatlarından istifadə qadağası, tütün məmulatlarının reklamına məhdudiyyətlər, xəbərdaredici təsvirlər, yüksək aksiz vergiləri və maarifləndirmə kampaniyaları kimi tədbirlər həyata keçirirlər. ÜST bu yanaşmaları tütün epidemiyasına qarşı ən effektiv vasitələrdən biri hesab edir.

Elektron siqaretlər zərərsiz deyil

Onkoloq Dursun Əliyev mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, tütün məmulatları dünyada qarşısı alına bilən xərçəng xəstəliyi səbəbləri arasında birinci yerdədir: "Siqaret, qəlyan, siqar, elektron siqaret və qızdırılan tütün məhsulları tam təhlükəsiz hesab edilmir və onların istifadəsi müxtəlif sağlamlıq riskləri yarada bilər.

Tütün istifadəsi ilk növbədə ağciyər xərçəngi ilə əlaqələndirilsə də, ağız boşluğu, qırtlaq, udlaq, qida borusu, mədəaltı vəzi, sidik kisəsi, böyrək və uşaqlıq boynu daxil olmaqla bir çox xərçəng növünün riskini artırır. Passiv siqaret tüstüsünə məruz qalmaq da təhlükəsiz deyil və xərçəng riskini yüksəldə bilər. Ən sevindirici məqam isə odur ki, tütündən imtina etdikdən sonra orqanizm bərpa olunmağa başlayır və zaman keçdikcə xərçəng riski tədricən azalır. Tütündən uzaq durmaq, sağlam həyat tərzi seçmək və risk qrupunda olan şəxslərin mütəmadi tibbi müayinədən keçmələri xərçəngin qarşısının alınmasında ən təsirli addımlardandır. Unutmayaq ki, tütündən imtina etmək sağlam gələcəyə qoyulan ən dəyərli sərmayədir."

Elektron siqaretlərin zərərlərindən bəhs edən həmsöhbətimiz qeyd etdi ki, onlar, adi siqaretlə müqayisədə bəzi zərərli maddələrin miqdarını azalda bilər, lakin bu, onların təhlükəsiz olduğu anlamına gəlmir: "Elektron siqaretlərin tərkibində nikotin və digər kimyəvi maddələr mövcuddur ki, bunlar tənəffüs yollarına və ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Elektron siqaretlərin uzunmüddətli istifadəsinin xərçəng riski tam müəyyən edilməsə də, mövcud elmi məlumatlar onların təhlükəsiz alternativ olmadıqlarını göstərir. Buna görə də elektron siqaretlər xüsusilə gənclər, hamilələr və heç vaxt siqaret çəkməmiş şəxslər üçün tövsiyə edilmir. Məlumdur ki, bir çox insanlar elektron siqaretin daha az zərərli və ya ümumiyyətlə, zərərsiz olduqlarını düşünərək siqareti tərgitmək üçün onlardan istifadə etməyə başlayırlar. Unutmayaq ki, siqareti tərgitmək istəyən insanlar üçün ən düzgün yanaşma həkim nəzarətində effektiv tərgitmə üsullarından istifadə etməkdir."

Bəs, siqaretin ürək-damar sisteminə təsirləri nələrdir?

Kardioloq Günel Şahmarova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, tütün məmulatlarından istifadə tənəffüs sistemi xəstəlikləri, xüsusilə ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX), ürək-damar sistemi xəstəlikləri, müxtəlif növ xərçənglər, ağız və diş problemləri, mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet, erkən qocalma, sonsuzluq və bir çox digər sağlamlıq problemlərinin yaranmasına səbəb olur: "Nikotin həm fiziki, həm də psixoloji asılılıq yaradan güclü maddədir. Siqaret çəkmək isə qarşısı alına bilən ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktorlarından biri hesab olunur. Tütünün yanması zamanı yaranan nikotin və karbonmonoksid insan orqanizminə ciddi zərər verir. Nikotin ürəyin iş yükünü artırır, karbonmonoksid isə toxumalara oksigen daşınmasını zəiflədir. Araşdırmalar göstərir ki, gündə cəmi bir ədəd siqaret çəkmək belə infarkt riskini 44 faiz artırır. Gündə bir qutu siqaret istifadə edənlərdə isə bu risk 83 faizə qədər yüksəlir. Elmi statistikaya baxmayaraq, hər il milyonlarla insan məhz tütün istifadəsinin yaratdığı xəstəliklər səbəbindən həyatını itirir.

Xüsusilə gənc yaşlardan siqaret çəkməyə başlayan insanlarda damar divarında aterosklerotik lövhələrin əmələ gəlməsi və onların cırılması ehtimalı artır. Bu isə infarktın baş verməsində əsas mexanizmlərdən biridir. Siqaret çəkən şəxslərdə damar lövhələri kiçik ölçüdə olsa belə, onların cırılma ehtimalı daha yüksək olur və bu, qəfil infarkt riskini artırır. Siqaret çəkməyən şəxslərdə isə aterosklerotik lövhələr adətən daha yavaş inkişaf edir. Xəstəlik irəlilədikcə döş qəfəsində ağrı, yanma və ya göynəmə kimi əlamətlər, xüsusilə fiziki gərginlik zamanı meydana çıxır. Bu simptomlar xəstənin vaxtında həkimə müraciət etməsinə və xəstəliyin erkən mərhələdə aşkarlanaraq qarşısının alınmasına imkan yaradır."

Kardioloqun sözlərinə görə, nikotin güclü asılılıq yaradan maddə olduğundan, orqanizmdə onun səviyyəsi azaldıqca yenidən siqaret çəkmək istəyi yaranır. Beləliklə, hər çəkilən siqaret növbəti asılılıq dövrünün başlanmasına səbəb olur. O, vurğuladı ki, əvvəlki tədqiqatlarda əsasən siqaret çəkən və çəkməyən şəxslər müqayisə edilirdi. Son illərdə aparılan meta-analizlərdə isə gündə cəmi bir siqaret çəkən insanlar da ayrıca qiymətləndirilib: "Nəticələr göstərib ki, gündə bir siqaret çəkmək kişilərdə infarkt riskini 44 faiz, insult riskini 41 faiz artırır. Qadınlarda isə gündə bir siqaret infarkt riskini 34 faiz, insult riskini isə 31 faiz yüksəldir. Bu nəticələr göstərir ki, tütün istifadəsinin “Az miqdarı təhlükəsizdir” fikri elmi əsaslara söykənmir. Hətta gündə bir siqaret belə ürək-damar sistemi üçün ciddi risk yaradır."

Şahnigar Əhmədova, "İki sahil"