14 iyul 2026 20:03
167

Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür

Mədəniyyət paytaxtımız, Qarabağımızın incisi olan Şuşa şəhəri artıq dördüncü dəfədir ki, Qlobal Media Forumuna ev sahibliyi edir. Bu dəfəki forum da ötən illərdə olduğu kimi öz mütəşəkkilliyi və yüksək təşkilatçılığı ilə seçildi. Belə ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuş foruma dünyanın 54 ölkəsindən ümumilikdə 160-a yaxın media orqanının nümayəndəsi və çoxsaylı xarici qonaqlar qatıldı. Foruma olan marağın hər ötən il daha da artması və birgə müzakirələrin faydalı nəticələri Azərbaycanın beynəlxalq nüfuzundan və ölkəmizə olan inamdan qaynaqlanır. Dünyaya sülh və qarşılıqlı etimad mesajının verildiyi forumun məhz tarixi Şuşa şəhərində keçirilməsi təsadüfi deyil.

Bütün dünyaya bəllidir ki, torpaqlarımızın 20 faizə yaxını, o cümlədən Şuşa şəhəri 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qalıb. Xalqımızın haqlı mübarizəsinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasından sonra digər tarixi torpaqlarımızda olduğu kimi, Şuşa şəhərinin də dirçəldilməsi prosesi uğurla həyata keçirilir. Qlobal Media Forumunun, eləcə də istənilən beynəlxalq tədbirin işğaldan azad edilmiş şəhərlərimizdə keçirilməsi dünyanın diqqətinin həmin ərazilərə və orada görülən yenidənqurma islahatlarına cəlb edilməsinə səbəb olur. Artıq dünya ictimaiyyəti, aparıcı media qurumları Qarabağımıza səfər etməklə işğal zamanı və ondan sonrakı dövrdə hökm sürən mənzərəni əyani oalaraq görür, müqayisəli təhlil apara bilirlər. Forum bu tarixi xronologiyanın dünya ictimaiyyətinə çatdırılması və işıqlandırılması baxımından da olduqca əhəmiyyətlidir və dövlətimizin maraqlarına xidmət edir. Forumun hər il ardıcıl olaraq Qarabağımızda təşkil edilməsi dünya mediasının “Böyük qayıdış və dirçəliş” proqramları ilə yaxından tanış olmalarına səbəb olur.

Dünyada gərginliyin artdığı, bir çox ölkələr arasında, eyni zamanda Azərbaycana qonşu olan ölkələr arasında müharibələrin getdiyi bir vaxtda ölkəmizin dünyaya sülh mesajı verməsi, qarşılıqlı faydalı etimad mühitinin yaradılması ilə bağlı konkret səylərlə və təkliflərlı çıxış etməsi əhəmiyyəli töhfədir və dünyanın diqqət mərkəzində olmalıdır.

Qlobal Şuşa Media Forumunun əhəmiyyətindən danışarkən dövlət başçısı cənab İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlərə də xüsusilə nəzər salmaq vacibdir. Çünki cənab Prezidentin səsləndirdiyi fikirlər əsasında tam əminliklə onu demək olar ki, Qlobal Şuşa Media Forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətli körpüdür. Azərbaycanın dünya ölkələri ilə qurduğu siyasi, iqtisadi, diplomatik münasibətlərə, sosial, mədəni əlaqələrə dair maraqlı müzakirələrin keçirilməsi, dövlətimizin haqlı və qəti mövqeyinin bir daha səsləndirilməsi üçün olduqca səmərəli platformadır. Forum eyni zamanda ölkə mediasının dünyanına aparıcı media orqanları ilə sıx əlaqələrinin qurulmasında bir vasitədir. Bu, yeni əməkdaşlıq imkanlarının yaradılması ilə yanaşı qarşılıqlı maraq doğuran, həmçinin dövlətimizin və xalqımızın qətiyyətli mövqeyinin həmin mətbu orqanlara çıxarılmasına əsaslı şərait yaradır.

Geopolitikada qarşıdurmaların kəskin artdığı, beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulduğu bir vaxtda Azərbaycanın sülhün təşviqi məqsədilə davamlı təşəbbüslərlə çıxış etməsi böyük siyasi mədəniyyətdir. Azərbaycan 30 ilə yaxın işğaldan və vandalizmdən əziyyət çəkən bir ölkə olaraq beynəlxalq hüququn tələblərinin icra edilməməsinin acı nəticələrini yaşayıb, bunun ən ağır nəticələrə - müharibəyə gətirib çıxardığını, müharibənin isə heç bir tərəfə və ya tərəflərə xoşbəxtlik gətirmədiyini ən ali tribunalardan dəfələrlə bəyan edib. Öz  haqlarını özü müdafiə edərək tarixi ədaləti özü bərpa edib, beynəlxlq hüququn edə bilmədiyini öz gücü bahasına əldə edib. Bu baxımdan Şuşa şəhərindən dünyaya sülh mesajının verilməsi, dövlətləri qarşılıqlı etimada səsləyən media forumu olduqca aktualdır.

Müharibələr təkcə hərb səhnəsində deyil, informasiya sahəsində də gedir. Müharibə aparan ölkələr müxtəlif dezinformasiyalar yayaraq dünya ictimaiyyətini aldatmağa, çaşğınlıq yaratmağa, müharibələrin ağır nəticələrini daha da ağırlaşdırmağa çalışırlar. Bu baxımdan dünya mediasının üzərinə böyük məsuliyyət düşür. Dünyanın aprıcı media orqanları tərəfsiz və qərəzsiz olmalı, həqiqətləri olduğu kimi çatdırmalıdırlar. Azərbaycan uzun illər boyu Ermənistanın təkcə hərbi təcavüzünə deyil, eyni zamanda informasiya müharibəsinə məruz qalıb. İşğalçı Ermənistan dünya ictimaiyyətini yalan və böhtanlarla aldatmağa və Azərbaycan həqiqətlərinin ört-basdır edilməsinə ciddi cəhdlər edib. Lakin Azərbaycan istər hərb, istərsə də informasiya müharibəsində layiqli qələbə qazanaraq, özünün haqq səsini bütün dünyaya eşitdirməyə müvəffəq oldu. Post müharibə dövründə də işğaldan azad edilmiş ərazilərimizdə qlobal media forumlarının keçirilməsi haqlı informasiya müharibəmizin məntiqi davamdır.

İnanırıq ki, Azərbaycanın haqlı tarixi zəfərinin nəticəsi olaraq dövlətimiz bundan sonra daha da inkişaf edəcək, bütün torpaqlarımız günü-gündən daha da dirçələcək, çiçəklənəcək, sülhün və əmin-amanlığın daim hökm sürdüyü bir ölkə kimi dünyaya əsl nümunə olacaq. Qlobal Şuşa Media Forumunun fonunda gələcəkdə də çoxsaylı beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edəcəkdir.

 

Vüsar İsmayılov,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri