Müasir beynəlxalq münasibətlər sistemində informasiya təhlükəsizliyi, media diplomatiyası və qlobal kommunikasiya dövlətlərin siyasi nüfuzunun, beynəlxalq əməkdaşlığının və strateji mövqeyinin formalaşmasında mühüm rol oynayır. Sürətlə dəyişən geosiyasi proseslər, rəqəmsallaşmanın yaratdığı yeni çağırışlar və informasiya mühitində artan rəqabət şəraitində media platformaları təkcə fikir mübadiləsi deyil, həm də dövlətlərin mövqelərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən IV Şuşa Qlobal Media Forumu artıq qlobal informasiya gündəliyinin vacib platformalarından birinə çevrilmişdir.
Forumun açılışında çıxış edən dövlət başçısı vurğulamışdır ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır və bu, tədbirə olan beynəlxalq marağın göstəricisidir. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş Qarabağın və Şuşanın belə nüfuzlu auditoriyanı qəbul etməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndiyini, regionun isə sülh, əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın regional və qlobal geosiyasi proseslərdə oynadığı rol geniş şəkildə təhlil edilmiş, ölkəmizin strateji əhəmiyyəti konkret faktlar əsasında əsaslandırılmışdır. Dövlət başçısı qeyd etmişdir ki, qonşularla qarşılıqlı etimada və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər olmadan heç bir ölkənin etibarlı tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Məhz bu prinsipə əsaslanan siyasət nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısına çevrilmiş, Avrasiya məkanında etibarlı logistika və enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Prezident vurğulamışdır ki, mövcud geosiyasi, iqtisadi və nəqliyyat meyarlarının hamısı Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, enerji təhlükəsizliyi sahəsində əldə olunan nailiyyətlər, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və çoxtərəfli əməkdaşlıq siyasəti ölkəmizin regional lider mövqeyini daha da gücləndirmişdir.
Çıxışda Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi yer ayrılmışdır. Dövlət başçısı bildirmişdir ki, Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək yeganə mesaj dostluq, qardaşlıq və müttəfiqlik olmalıdır. Prezident İlham Əliyevin "Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik" fikri iki dövlət arasında münasibətlərin ən yüksək strateji səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirmişdir. Müttəfiqlik münasibətləri təkcə siyasi sahədə deyil, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlıq istiqamətlərində də uğurla inkişaf edir və regionda sabitliyin əsas təminatlarından biri kimi çıxış edir.
Forum çərçivəsində Avropa İttifaqı ilə münasibətlərə də toxunan Prezident İlham Əliyev qeyd etmişdir ki, cari ilin ilk aylarında Brüsseldən Azərbaycana bir sıra mühüm səfərlər həyata keçirilmişdir. Bu təmaslar Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafına xidmət edir.
Dövlət başçısı çıxışında Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmanı da kəskin tənqid etmişdir. Prezident xatırlatmışdır ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxladığı bütün dövrdə ölkəmiz AŞPA tərəfindən heç vaxt sanksiyaya məruz qalmamışdır. Lakin ərazilərimizin tam azad edilməsindən sonra Azərbaycana qarşı ultimatum xarakterli və tamamilə qəbuledilməz tələblərin irəli sürülməsi ikili standartların açıq təzahürüdür. Bu yanaşma beynəlxalq hüququn prinsiplərinə və obyektivlik meyarlarına uyğun gəlmir.
Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq 907-ci düzəlişin tarixən Azərbaycana qarşı tətbiq edilmiş ən ədalətsiz qərarlardan biri olduğunu diqqətə çatdırmışdır. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin ayrı-seçkilik siyasətinə məruz qalan yeganə ölkə olmuşdur. Prezident qeyd etmişdir ki, bu düzəliş nə qədər tez tam ləğv edilərsə, həm Azərbaycan, həm də ikitərəfli münasibətlər üçün bir o qədər faydalı olacaqdır.
Çıxışın mühüm hissələrindən biri Azərbaycanın müdafiə potensialına həsr olunmuşdur. Prezident İlham Əliyev vurğulamışdır ki, dövlətin müdafiə qabiliyyəti yalnız hərbi paradlarda nümayiş etdirilən texnika ilə deyil, real döyüş meydanında sübut olunmuş gücü ilə ölçülür. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində nümayiş etdirdiyi peşəkarlıq, yüksək döyüş hazırlığı və milli həmrəylik ölkəmizin güclü dövlət kimi mövqeyini bütün dünyaya nümayiş etdirmişdir.
Dövlət başçısı bir daha xatırlatmışdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün beynəlxalq hüququn verdiyi hüquqdan istifadə etmişdir. "Biz suverenliyimizi bərpa etmək üçün gücdən istifadə etdik. Biz buna nail olduq və daha irəli getmədik" fikri Azərbaycanın heç vaxt işğalçılıq siyasəti yürütmədiyini, yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü təmin etdiyini açıq şəkildə ifadə edir.
Prezident İlham Əliyev çıxışında sülhün əhəmiyyətini də xüsusi vurğulayaraq qeyd etmişdir ki, sülh bəşəriyyət üçün nail olunmalı olan ən ali məqsəddir. Azərbaycanın regionda həyata keçirdiyi siyasət də məhz dayanıqlı sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın formalaşdırılmasına xidmət edir.
Forum zamanı Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq vasitəçilik təşəbbüslərinə də toxunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, müxtəlif ölkələr və beynəlxalq tərəfdaşlar normallaşdırma səylərində iştirak üçün Azərbaycana müraciət edərkən ölkəmizin heç bir gizli niyyət daşımadığına tam əmin olublar. Azərbaycanın siyasəti hər zaman səmimiyyətə, etimada və konstruktiv əməkdaşlığa əsaslanmış, gərginliyin azaldılması və dialoqun təşviqi məqsədi daşımışdır.
Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə xüsusi töhfə vermiş, İslam dünyasında birlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Eyni zamanda ölkəmizin beynəlxalq münasibətlərdə rolu daim konstruktiv, nəticəyönümlü və sülhə xidmət edən təşəbbüslərlə xarakterizə olunmuşdur.
Dövlət başçısı forum iştirakçılarının suallarını cavablandırarkən Azərbaycan xalqına ünvanladığı mesajın da mahiyyətini açıqlamışdır. Dövlət başçısı qeyd etmişdir ki, bəşəriyyətə müraciət etmək iddialı görünə bilər, lakin onun əsas müraciəti hər zaman Azərbaycan xalqına ünvanlanır. Prezident vurğulamışdır ki, müxtəlif dövrlərdə etdiyi müraciətlərin məzmunu fərqli olsa da, əsas ideya dəyişməz olaraq qalır: Azərbaycan yalnız öz gücünə, öz xalqına və öz dövlətinə güvənməlidir.
Bu çağırış Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı işğalın ağrılarını, dağıntıları yaşamış, eyni zamanda tarixi Zəfərin sevincini yaşamış və bu gün böyük bərpa-quruculuq prosesinin bilavasitə iştirakçısına çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa layihələri ölkənin iqtisadi gücünü, siyasi iradəsini və milli həmrəyliyini nümayiş etdirir.
IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş geosiyasi məkanın mühüm siyasi, iqtisadi və informasiya mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar ölkəmizin milli maraqlara əsaslanan xarici siyasət kursunu, müstəqil qərarvermə iradəsini, beynəlxalq hüquqa sadiqliyini, regional sülhə verdiyi töhfələri və qlobal əməkdaşlığın inkişafında artan rolunu bir daha nümayiş etdirdi. Şuşadan dünyaya verilən bu mesajlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, regional liderlik mövqeyinin gücləndiyini və ölkəmizin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bakı-Bratislava əməkdaşlığı qlobal müstəvidə yeni inkişaf mərhələsinə yüksəlir - Kamran Bayramov
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal dialoq və etibarlı tərəfdaşlıq strategiyasının yeni mərhələsi