15 iyul 2026 19:41
115

Dostluq və əməkdaşlıq münasibətlərinin müsbət təzahürü

Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında münasibətlər qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Hər iki dövlət siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, humanitar və parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

Hələ bundan öncə Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrarası münasibətləri çox yüksək səviyyəyə çatdırmışdır. Bu sənədin imzalanmasından sonra əməkdaşlıq praktiki olaraq bütün sahələr üzrə genişlənib. Hazırda energetika Azərbaycan–Slovakiya münasibətlərinin ənənəvi və strateji istiqamətlərindən biridir. Bir neçə il öncə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql edilib. Azərbaycanın zəngin qaz ehtiyatları ölkəmizə həm Slovakiyanın, həm də digər Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə vermək imkanı yaradır.

Azərbaycan müdafiə sənayesi sahəsində Slovakiya ilə əməkdaşlığı geniş perspektivli və qarşılıqlı faydalı sahələrdən biri kimi qiymətləndirir. Bu əməkdaşlıq hərbi məqsədlərdən çox sənaye və texnoloji inkişafın təmin edilməsi məqsədi daşıyır. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşdirilməsi nəticəsində yeni məhsulların istehsalı həm dünya bazarlarına çıxış imkanları yaradır, həm də ölkəmizdə yüksək texnoloji inkişafın sürətlənməsinə xidmət edir.

Azərbaycan xarici siyasət prioritetlərini uzun müddət əvvəl müəyyən edib və bu gün Avrasiyada mühüm bağlantı mərkəzlərindən birinə çevrilib. Son illər ölkəmizin nəqliyyat infrastrukturu, logistika şəbəkəsi və enerji layihələrinə qoyduğu sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Şərqdən Qərbə ən təhlükəsiz və qısa yol Azərbaycan üzərindən keçir. Bu, Slovakiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

Rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. İqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Bu isə Slovakiya şirkətləri ilə əməkdaşlıq üçün yeni imkanlar açır.

Bu gün Slovak şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində "ağıllı kənd" (Smart Village) layihəsini həyata keçirməsi hər iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin müsbət təzahürüdür.

Azərbaycan və Slovakiya beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə konstruktiv dialoqu davam etdirir, regional və beynəlxalq təhlükəsizlik, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər. Hər iki ölkə mövcud əməkdaşlıq potensialından səmərəli istifadə etməklə ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi əzmində olduqlarını bir daha təsdiqləyirlər.

 

 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva