15 iyul 2026 20:09
86

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Milli Məclisdə olub

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Spiker fəal siyasi dialoqun, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrininin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.

Görüşdə parlamentlərarası dostluq qrupları arasında da əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O, Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.