Son vaxtlar gənclər, xüsusilə də yeniyetmələr arasında energetik içkilərin istehlakının artdığı müşahidə olunur. Mövzunun aktuallığını nəzərə alaraq AQTA tərəfindən istehlakçılar arasında sorğu keçirilib. Sorğunun nəticələri göstərib ki, respondentlərin 72 faizi energetik içki olmayan məhsulları energetik içki kimi qiymətləndirib. Başqa sözlə, istehlakçılar məhsulun energetik içki olub-olmamasını onun tərkibinə deyil, marketinq elementlərinə, vizual dizaynına və qablaşdırılmasına əsasən müəyyən ediblər.
Bu fikirləri AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova media nümayəndələrinin diqqətinə çatdırıb.
Şöbə müdiri bildirib ki, bununla əlaqədar Agentlik tərəfindən bazarda monitorinq aparılıb, ölkəyə idxal olunan bütün energetik içkilərdən, eləcə də yerli istehsal və idxal olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülüb. Nümunələrin etiket məlumatları təhlil edilib və laborator müayinələr həyata keçirilib.
Təəssüf ki, monitorinqin nəticələri istehlakçı sorğusunun nəticələrini təsdiqləyib. Araşdırma zamanı müəyyən edilib ki, məhsulların 50 faizindən çoxunun qablaşdırılmasında güc, dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən, enerji, güc və yüksək performansı ifadə edən sözlərdən, emblemlərdən, işarələrdən və digər vizual elementlərdən istifadə olunub.
Bununla əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlər göndərilib, birgə əməkdaşlıq çərçivəsində zəruri tədbirlərin görülməsi təklif olunub. Eyni zamanda Agentlik tərəfindən sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.
V. Sadıxova vurğulayıb ki, Agentliyin məqsədi hər hansı istehsalçını, şirkəti və ya məhsulu hədəfə almaq deyil. Məqsəd istehlakçının seçim prosesinin marketinq təsiri altında deyil, düzgün, dolğun və etibarlı məlumat əsasında formalaşmasını təmin etməkdir. Bu məsələ "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.3-cü maddəsində açıq şəkildə tənzimlənir. Həmin maddəyə əsasən qida məhsulunun etiketlənməsi, qablaşdırılması və təqdimat forması məhsula xas olmayan xüsusiyyət və xassələri əks etdirməməli, istehlakçıda məhsul barədə yanlış təsəvvür yaratmamalıdır.
Yaqut Ağaşahqızı, “İki sahil”