17 iyul 2026 11:26
87

Qazaxıstan buğda idxalına yarımillik qadağa tətbiq edib

Qazaxıstan hökuməti ölkə ərazisinə buğda idxalına qismən qadağa tətbiq edib. Bununla bağlı müvafiq fərmanı ölkənin kənd təsərrüfatı naziri Aydarbek Saparov imzalayıb.

“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, yeni qərar 2026-cı il iyulun 27-dən qüvvəyə minəcək və altı ay ərzində qüvvədə olacaq.

Fərmana əsasən, həm üçüncü ölkələrdən, həm də Aİİ dövlətlərindən avtomobil, su və dəmir yolu nəqliyyatı vasitəsilə buğda gətirilməsi qadağan edilir.

Yerli istehsalatın tam dayanmaması üçün hökumət dəmir yolu idxalı sahəsində bəzi müəssisələrə güzəştlər nəzərdə tutub. Yalnız aşağıdakı subyektlərin ünvanına gətirilən buğda istisna təşkil edəcək: Lisenziyalı elevatorlar, quşçuluq və taxıl emalı müəssisələri, dövlətə məxsus "Ərzaq Müqavilə Korporasiyası.

Bu müəssisələrin idxal etdiyi buğdanın Qazaxıstanın həm daxili, həm də xarici bazarlarında təkrar satışı qəti şəkildə qadağandır. Sözügedən taxıl yalnız daxili istehsalat ehtiyacları üçün istifadə olunmalıdır. Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov bu məhdudiyyətin səbəblərini açıqlayarkən bunu Rusiyada payızlıq dənli bitkilərin yığımının başlaması və daxili bazarda yaranan bolluqla əlaqələndirib.

Onun sözlərinə görə, yeni məhsul yığımına qədər ölkədəki mövcud elevatorları köhnə taxıl ehtiyatlarından tamamilə boşaltmaq lazımdır. Bu addım həm də yerli taxıl istehsalçılarının məhsullarının daxili bazarda dəyər qazanmasını stimullaşdırmağa hesablanıb.