17 iyul 2026 18:21
101

Zəfər şəhidinin şərəfinə futbol yarışı

44 günlük haqq savaşımızda  xalqımızın igid, qeyrətli övladları əsir Qarabağımızı qanları bahasına  yağı tapdağından azad edərək şərəfli bir tarix yazdılar. Azərbaycanın  müqəddəsliyini canından əziz tutan belə igidlərdən  biri də cənub mirvarisi  Lənkəran elində boya-başa çatan şəhid Afərin Qulamzadədir. Vətən sevdalısı bu işıqlı dünyada cəmi 21 il yaşadı. Qaldı ki,  yaşının çərçivəsinə  sığmayan  qəhrəmanlığı ilə əbədi bir ömür qazandı. Həmçinin ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunan Afərin nəinki bir ailənin, bütün Azərbaycan xalqı üçün əzizdir. Milyonların ürəyində özünə məkan quran qəhrəman heç vaxt unudulmur, hər zaman sevgi, məhəbbətlə xatırlanır.  Doğma Lənkəran rayonunda vaxtaşırı olaraq onun adı ilə bağlı tədbirlər görülür. Növbəti dəfə isə  zəfər şəhidinin şərəfinə futbol yarışı təşkil olundu.

Belə ki, Lənkəran rayon Daşdalıqjar kənd stadionunda Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən  futbol idman növü üzrə Lənkəran-Astara region turnirinin final oyunu, eləcə  təltifetmə  mərasimində Azərbaycan Respublikasının dövlət himni  oxundu,  Vətən torpaqlarının  azadlığı  uğrunda  canlarını  fəda edən şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı .

Turnirin təltifetmə mərasimində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini, şəhid Afərin Qulamzadənin valideynləri, Mamusta kənd icra nümayəndəsi çıxış edərək qalib komandaları təbrik ediblər.

16 komanda arasında gərgin mübarizə şəraitində keçən turnirdə  birinci yerə  Daşdalıqjar  komandası çıxdı.  Sonda qalib  komandalar kubok, diplom və medallarla təltif  olundular.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü