17 iyul 2026 15:37
93

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

“İki sahil” xəbər verir ki, təlimdə əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının keçirilməsi, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Cənub” dalğıc-axtarış qrupunun, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşlarının iştirak etdiyi təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri” xilas edərək ilkin yardım göstərdikdən sonra “aidiyyəti üzrə təhvil veriblər”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.