17 iyul 2026 16:03
87

"Kathimerini": NATO ölkələri Yunanıstana təzyiqləri artırıb

NATO və Avropa İttifaqı ölkələri Ukraynaya hərbi yardım çərçivəsində Yunanıstana qarşı təzyiqləri kəskin şəkildə artırıblar. Qərb müttəfiqləri Afinadan "Patriot" zenit-raket kompleksləri üçün nəzərdə tutulan raketlərin təcili olaraq Kiyevə təhvil verilməsini tələb edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın nüfuzlu "Kathimerini" qəzeti hökumətdəki diplomatik mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yaydığı materialda qeyd edilir ki,  Afina hazırda NATO və Avropa İttifaqındakı tərəfdaşlarının davamlı və intensiv təzyiqləri ilə üz-üzədir. Müttəfiqlər Ukraynanın hava məkanını qorumaq üçün Yunanıstan Hərbi Hava Qüvvələrinin hazırkı döyüş növbətçiliyində olan və silahlanmasında yer alan "Patriot" sistemlərinin raketlərini Ukrayna Silahlı Qüvvələrinə verməsini israrla tələb edirlər.

Yunanıstana qarşı kollektiv təzyiqlərin artması təsadüfi deyil və birbaşa Avropa dövlətlərinin öz hərbi anbarlarının boşalması ilə bağlıdır. Belə ki, NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius jurnalistlərə şok bəyanatla çıxış edib.

Niderlandlı nazir qeyd edib ki, rəsmi Amsterdam artıq Ukraynaya birbaşa hərbi yardım göstərmək iqtidarında deyil. O, qeyd edib ki, Krallığın daxili müdafiə ehtiyatları, o cümlədən kritik əhəmiyyətə malik "Patriot" raketlərinin tədarük imkanları tamamilə iflasa uğrayıb və tükənib. Niderland öz ordusunun müdafiə qabiliyyətini zəiflətməmək üçün Kiyevə birbaşa raket göndərilməsini dayandırmaq məcburiyyətində qalıb.