Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə C. Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair Lavrovla birgə mətbuat konfransında bildirib.
"Biz bu gün beynəlxalq və regional gündəliyin aktual məsələlərini müzakirə etdik, Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirdik. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaratdı. Bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır. Və mən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini xüsusilə vurğulamaq istərdim", - C. Bayramov bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında normallaşma kontekstində baş verən son tarixi proseslər, o cümlədən sülh müqaviləsi layihəsinin paraflanması regionumuzda uzunmüddətli sülhün, təhlükəsizliyin və rifahın bərqərar olması üçün unikal imkan yaradır.
"Müzakirə zamanı mən azad edilmiş ərazilərdəki bərpa işlərinin gedişatı, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı barədə məlumatlandırdım. Ermənistan və Azərbaycan arasında normallaşma prosesində əminliklə demək olar ki, bu gün de-fakto sülh mövcuddur. Həyata keçirdiyimiz müsbət təşəbbüslər, Azərbaycan tərəfinin sülh təşəbbüsləri, o cümlədən etimadın möhkəmləndirilməsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesini ciddi şəkildə sürətləndirib və bu prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesinin qalan vəzifələrinin yerinə yetirilməsi normallaşma üçün zəruri şərait yaradır", - Azərbaycanın XİN rəhbəri vurğulayıb.