20 iyul 2026 14:48
178

Azərbaycan beynəlxalq könüllülük platformalarında mövqeyini daha da möhkəmləndirir - Vüqar Əliyev

AKTİ-nin qlobal təşəbbüslərdə fəal iştirakı və əldə etdiyi uğurlar ölkəmizin bu sahədə artan nüfuzunun göstəricisidir

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal könüllülük şəbəkələrində fəal təmsilçilik Azərbaycanda könüllülük hərəkatının inkişafının əsas istiqamətlərindən biridir. Son illərdə həyata keçirilən təşəbbüslər və əldə olunan uğurlar ölkəmizin bu sahədə beynəlxalq tərəfdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu barədə danışıb.

Vüqar Əliyev bildirib ki, AKTİ beynəlxalq əməkdaşlıq istiqamətində fəal fəaliyyət göstərərək ölkəmizi müxtəlif qlobal platformalarda uğurla təmsil edir. Onun sözlərinə görə, 2025-ci ildə İttifaqın Beynəlxalq Könüllülər Mərkəzinə sədrlik etməsi bu sahədə Azərbaycanın artan nüfuzunun göstəricisidir.
AKTİ sədri qeyd edib ki, sədrlik dövründə bir sıra beynəlxalq layihələr və tədbirlər həyata keçirilib. Xüsusilə Türk Dövlətləri Təşkilatının III Gənclər Könüllülük və Təhsil Proqramının açılış mərasiminin təşkili türkdilli ölkələr arasında əməkdaşlığın inkişafına mühüm töhfə verib.
V.Əliyev vurğulayıb ki, cari ildə İttifaqın nümayəndə heyəti Özbəkistan Respublikasında Mərkəzi Asiya Könüllülər Akademiyasının yaradılmasında iştirak edib. Onun sözlərinə görə, bu təşəbbüs region ölkələri arasında könüllülük sahəsində təcrübə mübadiləsinin genişlənməsi və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, İttifaq beynəlxalq səviyyədə bir sıra uğurlara da imza atıb. Qazaxıstan Respublikasında "Könüllülük sahəsində beynəlxalq əməkdaşlığa görə" nominasiyası üzrə qalib seçilməsi Azərbaycanın könüllülük modelinə verilən yüksək qiymətin göstəricisidir.

Vüqar Əliyev bildirib ki, əldə olunan bu uğurlar ölkəmizin beynəlxalq könüllülük platformalarında nüfuzunun daha da artmasına xidmət edir.

Yaqut Ağaşahqızı,”İki sahil"