20 iyul 2026 15:52
170

Region gənclərinin könüllülük fəaliyyətinə cəlbi əsas prioritetlərdəndir

Bölgələrdə həyata keçirilən layihələr, xüsusi kvotalar və regional nümayəndəliklərin fəaliyyəti gənclərin könüllülük imkanlarına çıxışını genişləndirir

Könüllülük hərəkatının ölkə üzrə daha geniş əhatə dairəsinə malik olması üçün regionlarda yaşayan gənclərin bu prosesə fəal cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü layihələr və əməkdaşlıq mexanizmləri bölgələrdə gənclərin potensialının üzə çıxarılmasına və onların ictimai fəallığının artırılmasına xidmət edir.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev "İki sahil"ə müsahibəsində bu barədə danışıb.

Vüqar Əliyev bildirib ki, bölgələrdə yaşayan gənclərin könüllülük proqramlarına cəlb olunması İttifaqın prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu məqsədlə regionlarda müxtəlif maarifləndirici görüşlər, təlimlər və sosial layihələr təşkil olunur.

AKTİ sədri qeyd edib ki, İttifaq region gənclərinin potensialının üzə çıxarılması və onların ölkə səviyyəli layihələrdə iştirakının artırılması üçün xüsusi proqramlar həyata keçirir. O bildirib ki, regionlarda təşkil olunan layihə və tədbirlər zamanı könüllü gənclər üçün xüsusi kvotaların ayrılması onların bu prosesə birbaşa və daha fəal şəkildə qoşulmasına imkan yaradır.

V.Əliyev vurğulayıb ki, İttifaq çətir təşkilat olaraq üzv könüllü təşkilatların regional nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, həmin nümayəndəliklər vasitəsilə bölgələrdə görüşlər, layihələr və müxtəlif fəaliyyətlər həyata keçirilir.

AKTİ sədri diqqətə çatdırıb ki, bəzi könüllü gənclər üçün Bakıda təşkil olunan proqramlarda iştirak etmək çətin ola bilər. Bu səbəbdən üzv təşkilatların regionlarda fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə gənclərin könüllülük fəaliyyətinə cəlb olunmasına, onların yaşadıqları ərazidə inkişaf imkanlarından yararlanmasına xüsusi diqqət yetirilir.

Yaqut Ağaşahqızı,"İki sahil"