21 iyul 2026 13:31
160

Azər Əliyev: Region gənclərinin inkişafı və rəqəmsal bacarıqlarının artırılması prioritet istiqamətlərdəndir

GİKM regionlarda süni intellekt, rəqəmsal savadlılıq və gələcəyin peşələri istiqamətində həyata keçirilən layihələrin əhatə dairəsini genişləndirir

Region gənclərinin müasir bilik və bacarıqlara yiyələnməsi, rəqəmsal imkanlardan səmərəli istifadə etməsi və innovasiya ekosisteminə inteqrasiyası istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində gənclərin şəxsi inkişafını və rəqabətqabiliyyətliliyini artırmağa xidmət edən proqramlar reallaşdırılır.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “İki sahil”ə müsahibəsində bildirib ki, region gənclərinin dövlətin gənclər üçün yaratdığı inkişaf imkanlarından faydalanması və bu imkanlar barədə məlumatlılığının artırılması Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətində mühüm istiqamətlərdən biridir.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Fondun nəzdində yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətində dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğinə, Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin gənclər arasında təşviqinə, gənclərin şəxsi inkişafının və karyera imkanlarının dəstəklənməsinə, eyni zamanda onların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə etməsinə xüsusi diqqət yetirir.

Azər Əliyevin sözlərinə görə, bu istiqamətdə Mərkəzin fəaliyyəti region gənclərinin hərtərəfli inkişafının dəstəklənməsinə, rəqəmsal savadlılığının artırılmasına, innovativ düşüncəsinin təşviqinə, süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsinə və gələcəyin peşələri barədə məlumatlandırılmasına yönəlib. Bu məqsədlə ölkənin müxtəlif şəhər və rayonlarında gənclər üçün layihələr, forumlar, təlimlər, maarifləndirici görüşlər, məlumat sessiyaları və digər inkişaf proqramları həyata keçirilir.

Baş direktor vurğulayıb ki, keçirilən tədbirlər çərçivəsində gənclər süni intellekt sahəsində qlobal trendlər, süni intellekt alətlərinin müxtəlif sahələrdə tətbiqi və müasir əmək bazarında yaranan yeni imkanlar barədə məlumat əldə edir, ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazanırlar.

Azər Əliyev əlavə edib ki, həyata keçirilən tədbirlər region gənclərinin innovasiya ekosisteminə daha fəal inteqrasiyasına, yeni bilik və bacarıqlar əldə etməsinə, eləcə də dövlətin gənclər üçün yaratdığı imkanlardan daha səmərəli faydalanmasına mühüm töhfə verir.

Yaqut Ağaşahqızı,”İki sahil"