21 iyul 2026 01:53
164

Starmer vəzifəsindən ayrıldıqdan sonra pivəxanaya yollanıb

Büyük Britaniyanın keçmiş baş naziri Kir Starmer istefa verdikdən bir neçə saat sonra Londonun şimalında yerləşən pivəxanalardan birində pivə içərkən görüntülənib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Starmer Dauninq-strit 10 ünvanındakı baş nazir rezidensiyasından köçdükdən sonra yaşayacağı Kentiş-taun rayonundakı pivəxanaya yollanıb. Keçmiş baş nazirin yanında eks-maliyyə naziri Reyçel Rivz də olub.

Qeyd olunur ki, Rivz daha əvvəl Endi Bernəmin yeni hökumətinə daxil olmaqdan imtina etmişdi. Britaniya mediasının məlumatına görə, ona müdafiə naziri vəzifəsi təklif edilsə də, o, kabinetdə qalmaq istəməyib.

"The Sun" yazır ki, Starmer pivəxanada yaxın tərəfdaşlarını, dostlarını və ailə üzvlərini bir araya toplayıb.

Qəzetin dərc etdiyi fotolardan görünür ki, səhər saatlarında Dauninq-stritdə vida çıxışı edən keçmiş baş nazir pivəxanadakı görüşə qeyri-rəsmi geyimdə qatılıb.

Xatırladaq ki, Endi Bernəm iyulun 20-də günortadan sonra Böyük Britaniyanın yeni baş naziri vəzifəsinin icrasına başlayıb. O, may ayında keçirilən yerli seçkilərdə hakim Leyboristlər Partiyasının uğursuzluğundan sonra partiya deputatlarının təzyiqi ilə istefa verməyə məcbur olan Kir Starmeri əvəz edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”