23 iyul 2026 01:20
112

Ankarada YTB proqramını başa vuran 14 ölkədən 18 dövlət qulluqçusu və alimə sertifikat təqdim edilib

İyulun 22-də Ankarada Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) tərəfindən təşkil olunan növbəti səkkiz aylıq KATİP ("Xarici Dövlət Qulluqçuları və Alimləri üçün Türk Dilində Ünsiyyət Proqramı") proqramının yekun mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, YTB tərəfindən 2014-cü ildən həyata keçirilən KATİP proqramının məqsədi müxtəlif ölkələrdə dövlət qulluğunda çalışan xarici vətəndaşlara türk dilini öyrətmək, onların Türkiyə ilə peşəkar və institusional əlaqələrini gücləndirməkdir. Proqram iştirakçı ölkələrlə Türkiyə arasında akademik, mədəni və institusional əməkdaşlığın inkişafına, eləcə də uzunmüddətli qarşılıqlı fəaliyyət mühitinin formalaşmasına töhfə verir.

KATİP proqramı iştirakçılara Türkiyənin dövlət idarəçiliyi sistemi ilə yaxından tanış olmaq, Xarici İşlər Nazirliyi və parlament kimi əsas dövlət institutlarının fəaliyyəti barədə məlumat əldə etmək, həmçinin Anadolunun zəngin mədəni irsini öyrənmək imkanı yaradır. Sonuncu proqramın iştirakçıları, eyni zamanda, Antalyada keçirilən Diplomatik Forumda da iştirak ediblər.

2025-ci ilədək KATİP proqramından 83 ölkədən ümumilikdə 230 dövlət qulluqçusu və alim faydalanıb.

2025-ci il noyabrın 17-də başlayan və 2025–2026-cı illəri əhatə edən proqramda Böyük Britaniya, Kamerun, Macarıstan, Meksika, Nigeriya, Tacikistan və Zimbabve də daxil olmaqla 14 ölkədən 18 dövlət qulluqçusu və alim iştirak edib.

Proqramın təşkilinə Ankara Hacı Bayram Vəli Universiteti və Türkiyənin Xarici İşlər Nazirliyi fəal dəstək göstərib.

YTB-nin rəhbəri Abdulhadi Turus mərasim iştirakçılarına müraciət edərək proqram məzunlarını dövlətlər və xalqlar arasında dostluq körpüləri yaradan "xoşməramlı səfirlər" adlandırıb. O bildirib ki, KATİP proqramının məzunları öz ölkələrinə qayıtdıqdan sonra əldə etdikləri bilik və təcrübəni peşəkar fəaliyyətlərində uğurla tətbiq edəcəklər.

Mərasimin sonunda proqramın bütün iştirakçılarına sertifikatlar təqdim olunub.