25 iyul 2026 20:23
106

Ünal Üstel: Kipr məsələsinin ədalətli və dayanıqlı həlli iki dövlət modeli əsasında mümkündür

Kiprlə bağlı yeni və uzunmüddətli danışıqlar prosesinin açarı Kipr türklərinin suveren bərabərlik və həmin əsasda beynəlxalq statusunun tanınmasıdır.

“İki sahil” xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə BMT Baş katibinin Kipr sülh prosesi üzrə şəxsi elçisi Maria Anxela Olqin Kuelyar arasında keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.

ŞKTC hökumətinin başçısı Ankaranın Kipr məsələsi üçün iki dövlətli həll yolu mövqeyini alqışlayıb. “Ziddiyyətlərin həlli yolu adadakı mövcud reallıqların və iki icmanın suveren bərabərliyinin tanınmasından keçir. Bu, təkcə Ankaranın deyil, həm də Lefkosanın mövqeyidir. Bu formuldan heç bir sapma ola bilməz”, - deyə Üstel vurğulayıb. Siyasətçi xatırladıb ki, 1960-cı ildə vahid Kipr Respublikasının yaradılmasının əsasını təşkil edən müqavilələrə əsasən, Kipr türkləri yunan kiprlilərlə bərabər statusa malik olublar. Şimali Kipr hökumətinin başçısı vurğulayıb: “Kipr türkləri ilə bağlı milli azlıq anlayışı kontekstində heç bir müzakirə aparılmayıb və ola da bilməz. Bu, tarixi və hüquqi faktdır”.

ŞKTC Nazirlər Kabinetinin rəhbəri BMT-nin Baş katibi Antonio Quterreşin adaya qarşıdakı səfərini vurğulayaraq, beynəlxalq ictimaiyyətə müraciət edib: “Yarım əsrdən çoxdur ki, nəticəsiz müzakirə olunan Kiprin federal quruluşu əvəzinə, adanın siyasi və praktik reallıqlarına əsaslanan yeni bir yanaşma qəbul edilməlidir. Ədalətli və davamlı həll yolu yalnız iki dövlət arasında qarşılıqlı hörmətə və tərəflərin bərabər statusuna əsaslanan əməkdaşlıq modeli çərçivəsində mümkündür”.