İran Ermənistana təbii qaz tədarükünü artırmaq üçün yeni kommersiya modeli təklif edib.
“İki sahil” "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşün yekununda bildirilib.
Paknejad qeyd edib ki, hazırda iki ölkə arasında enerji əməkdaşlığı "qaz müqabilində elektrik enerjisi" prinsipi əsasında həyata keçirilir. Bununla yanaşı, İran qaz ixracının həcmini artırmağa yönəlmiş alternativ kommersiya modeli təklif edib.
Nazirin sözlərinə görə, tərəflər birgə işçi qrupunun yaradılması və onun fəaliyyətinə mümkün qədər tez başlanılması barədə razılığa gəliblər. Məqsəd növbəti danışıqlar raundunadək qiymətləndirilə biləcək konkret nəticələrin əldə olunmasıdır.
Görüşdə enerji sahəsində əməkdaşlığın perspektiv istiqamətləri də müzakirə olunub. Bunlara ikitərəfli ticarətin genişləndirilməsi, texniki və mühəndislik xidmətlərinin ixracı, neft emalı güclərinin yaradılması və Ermənistana neft məhsullarının tədarükü daxildir.