26 iyul 2026 00:40
92

İsrail ordusu Qəzzada HƏMAS-ın üç komandirini məhv etdi

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS hərəkatının iki kəşfiyyat komandirini və "Nuhba" xüsusi dəstəsinin komandirini məhv etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Qəzzanın şimal hissəsinə endirilən zərbə zamanı HƏMAS-ın hava kəşfiyyatı bölməsində hava müşahidəsi tağımının komandiri Rayed Əl-Əmsi və HƏMAS-ın "Qəzza" briqadasının hərbi kəşfiyyat şöbəsinin rəhbəri Nabhan Əl-Əmsi öldürülüb.

Həmçinin Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-ın "Nuhba" xüsusi dəstəsinin komandiri Mahmud Əbu Qəzəl məhv edilib. İsrail ordusunun məlumatına görə, o, 2023-cü il oktyabrın 7-də təşkil olunmuş hücumda iştirak edib.

SAXAL bildirib ki, öldürülən şəxslər müharibə boyunca və son aylarda İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların hazırlanmasında iştirak ediblər.