26 iyul 2026 14:50
100

AMADA və Qış İdman Növləri Federasiyası milli komanda üzvləri üçün antidopinq seminarları keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə milli komandaların üzvləri üçün mövsümqabağı antidopinq mövzusunda onlayn maarifləndirici seminarlar təşkil olunub.

“İki sahil” AMADA-ya istinadən xəbər verir ki, fiqurlu konkisürmə, xizək alpinizmi, dağ xizəyi və xizəkdə tramplindən tullanma idman növlərini əhatə edən vebinarlar Azərbaycan və ingilis dillərində keçirilib.

Vebinarlar zamanı iştirakçılara qadağan edilmiş maddələr siyahısı, dopinq nəzarəti prosedurları, idmançıların hüquq və vəzifələri, eləcə də 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas müddəaları barədə ətraflı məlumat təqdim olunub.

İnteraktiv müzakirələr və sual-cavab sessiyaları ilə müşayiət olunan vebinarların əsas məqsədi idmançıların antidopinq sahəsində məlumatlılığını artırmaq, mümkün qayda pozuntularının qarşısını almaq və təmiz, ədalətli rəqabət mühitini təşviq etməkdir.