Dil hər bir xalqın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və intellektual potensialının əsas daşıyıcısıdır. O, yalnız insanlar arasında ünsiyyəti təmin edən vasitə kimi deyil, həm də xalqın ədəbi irsini, mədəniyyətini, adət-ənənələrini və dünyagörüşünü yaşadan, gələcək nəsillərə ötürən mühüm amildir. Buna görə də ana dilinin qorunması milli kimliyin və dövlətçilik ənənələrinin davamlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Tarix göstərir ki, öz dilini itirən xalq zaman keçdikcə milli-mədəni özünəməxsusluğunu zəiflədir və siyasi varlığını qorumaqda da ciddi çətinliklərlə üzləşir. Bu səbəbdən ana dilinin inkişaf etdirilməsi, zənginləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması hər bir müstəqil dövlətin mühüm strateji prioritetlərindəndir.
Azərbaycanın müasir inkişaf tarixində ana dilinin dövlət dili kimi möhkəmləndirilməsi və onun hərtərəfli inkişafının təmin edilməsi asan şəraitdə baş verməmişdir. Müxtəlif dövrlərdə mövcud olmuş siyasi və ideoloji maneələrə baxmayaraq, milli dil uğrunda aparılan mübarizə xalqın milli özünüdərk prosesinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi ana dilinin qorunması, inkişafı və dövlətçilik atributu kimi möhkəmləndirilməsi baxımından müstəsna rol oynamışdır.
1970-ci illərin ortalarından etibarən SSRİ-nin ictimai-siyasi sistemində “vahid sovet xalqı” modelinin tətbiqi milli dillərin ikinci plana keçirilməsini sürətləndirdi. SSRİ Konstitusiyasının qəbulundan sonra mərkəzi hakimiyyətin siyasəti milli respublikalarda yerli dillərin sıxışdırılmasına, rus dilinin isə hegemon status qazanmasına xidmət edirdi. Bu dövrdə ana dili məsələsini açıq şəkildə gündəmə gətirmək siyasi cəsarət tələb edirdi. 1930-cu illərdə belə təşəbbüslər çox zaman repressiyalarla nəticələnmiş, ziyalılar və milli kimlik tərəfdarları sürgün və təqibə məruz qalmışdılar. Hətta respublikaların rəhbərləri belə, bu məsələni rəsmi səviyyədə müzakirəyə çıxarmaqda aciz idilər.
Belə mürəkkəb bir siyasi vəziyyətdə Ulu Öndər Heydər Əliyevin ana dili ilə bağlı qətiyyətli mövqeyi və ardıcıl siyasəti, milli mənəviyyatın qorunmasında dönüş nöqtəsi oldu. O, Sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, ana dilini yalnız mədəni dəyər kimi deyil, siyasi atribut kimi də müdafiə edirdi. Dövlət dili statusunun verilməsi uğrunda apardığı mübarizə, ictimaiyyətin, ziyalıların və gənc nəslin milli dil ətrafında səfərbər edilməsinə yönəlmiş strateji addımlar, Azərbaycanın gələcək müstəqillik dövründə dil siyasətinin əsaslarını qoydu.
Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 2-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan dilinin dövlət dili” olması ilə bağlı müddəanın daxil edilməsi o dövr üçün tarixi və siyasi baxımdan mühüm addım idi. Bu, sovet məkanında nadir hallardan biri olaraq, milli dilin hüquqi status alması demək idi. Ulu Öndər Konstitusiya müzakirələri zamanı milli dil məsələsinin yalnız mədəni deyil, həm də hüquqi və siyasi məsələ olduğunu açıq şəkildə bəyan etmişdi. Beləliklə, Azərbaycan dili ilk dəfə rəsmi olaraq dövlət dili statusuna yüksəldi.
Müstəqillik əldə edildikdən sonra ana dilinin inkişafı və hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələ başlandı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ilə ana dilimizin adı – “Azərbaycan dili” olaraq təsdiqləndi. Konstitusiyanın 21-ci maddəsində bu ifadənin yer alması, milli iradənin və ümumxalq dəstəyinin təzahürü idi. Heydər Əliyevin rəhbərliyi ilə aparılan bu təşəbbüs, Azərbaycanın milli ideoloji xəttində dil məsələsinin prioritet olduğunu bir daha təsdiqlədi.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı müasir dövrün tələblərinə uyğun dil siyasətinin əsasını qoydu. Bu fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması, dövlət dilinin tətbiqi və qorunması sahəsində ardıcıl və sistemli fəaliyyətin başlanğıcı oldu. Fərman həmçinin dövlət idarəçiliyində, təhsil sistemində və informasiya resurslarında Azərbaycan dilinin üstünlüyünü təmin etdi.
Qloballaşma şəraitində milli kimliyin qorunması və dövlət müstəqilliyinin ideoloji əsaslarının möhkəmləndirilməsi baxımından dil siyasəti hər bir ölkənin milli təhlükəsizliyi səviyyəsində strateji məsələ kimi çıxış edir. Azərbaycan xalqının milli-mənəvi varlığını formalaşdıran başlıca amillərdən biri olan ana dilinin qorunması və inkişaf etdirilməsi ölkəmizdə uzun illərdir ardıcıl və sistemli dövlət siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar dilin milli ideologiyanın ayrılmaz tərkib hissəsi kimi tanınmasına xidmət edir. Ana dilinə ictimai-siyasi və hüquqi status qazandırılması, onunla bağlı maarifləndirmə və təşviqat tədbirlərinin təşkili istiqamətində bu fərman tarixi mərhələ təşkil etmişdir.
Ulu Öndər bu təşəbbüsü ilə bir daha sübut etdi ki, müasir dünyada xalqın dilini qorumaq – onun varlığını qorumaq deməkdir.
2002-ci il 30 sentyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun, ana dilimizin hüquqi statusunun konkret və birmənalı şəkildə təsbit olunmasında mühüm mərhələ oldu.
Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dilinə çevrilməsi prosesi təkcə mədəni layihə deyil, həm də siyasi mübarizə, ideoloji istiqamət və dövlətçilik uğrunda aparılan ardıcıl strategiyadır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.”
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev, ana dilinin qorunması və inkişafı istiqamətində sistemli, mərhələli və çoxşaxəli siyasət həyata keçirir. Bu siyasət sadəcə dilin texniki istifadəsini deyil, onun qloballaşma dövrünün çağırışlarına uyğun inkişafını hədəfləyir.
2004-cü il 12 yanvar imzalanan “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam – müasir yazı sisteminə tam keçidi təmin etməklə milli dilin texnoloji və ideoloji modernizasiyasını reallaşdırdı.
2004 və 2007-ci illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri” və “Dünya ədəbiyyatının Azərbaycan dilində nəşri” haqqında sərəncamlar – ana dilində elmi və mədəni irsin yayımını strateji vəzifəyə çevirdi.
2013-cü il 9 aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı” – dilin texnoloji və akademik müstəvilərdə adaptasiyasını təmin etməyə yönəlməsinə şərait yaratdı.
2018-ci il 17 iyul tarixində “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı” Sərəncam – rəqəmsal transformasiya prosesində ana dilinin mövqeyinin möhkəmləndirilməsinə xidmət etdi.
2018-ci il 1 noyabr tarixində “Dövlət dilindən istifadənin təkmilləşdirilməsi və dilin saflığının qorunması” haqqında Fərman – dilin semantik və üslubi bütövlüyünü qorumağa yönəlmişdir. Bu fərman əsasında Monitorinq Mərkəzinin yaradılması, icra nəzarətinin institusional səviyyədə təşkilini təmin etmişdir.
Prezident İlham Əliyevin 2025-ci il 31 iyul tarixində imzaladığı Fərmanla Azərbaycan dilinin tətbiqinə, “Azərbaycan dili haqqında” normativ hüquqi aktların, eləcə də dil normalarının icrasına dövlət nəzarətinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilməsi bu sahədə institusional idarəetmənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sözügedən qərar dövlət dilinin qorunması və inkişafı istiqamətində vahid siyasətin daha səmərəli həyata keçirilməsinə, dil normalarının tətbiqinə nəzarət mexanizmlərinin gücləndirilməsinə, habelə milli-mənəvi dəyərlərin mühafizəsinə xidmət edən mühüm siyasi-hüquqi addımdır.
Dil siyasəti sahəsində həyata keçirilən bu kompleks tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan dilinin qorunması – Azərbaycan dövlətinin qorunmasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”
Ümumilikdə, Azərbaycanda ana dilinin qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Qəbul olunan qanunvericilik aktları və institusional islahatlar Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsini genişləndirir və onun nüfuzunu artırır.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd olunması dilimizin milli varlığımızın əsas sütunlarından biri olduğunu bir daha təsdiqləyir. Bu tarix bizə xatırladır ki, ana dilini yaşadan millət öz keçmişini, bu gününü və gələcəyini qoruyur.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir - ŞƏRH
Kamran Bayramov: Ana dili milli kimliyimizi və mənəvi birliyimizi yaşadan müqəddəs dəyərdir