Xalqımızın mənəvi sərvəti və tarixi yaddaşı sayılan Azərbaycan dili bizləri vahid məfkurə ətrafında birləşdirən ən etibarlı təməldir. Dünyanın müxtəlif guşələrində yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın milli özünüdərki və həmrəyliyi məhz bu zəngin dilin sayəsində qorunub saxlanılır. Bütün tarixi təzyiqlərə və sərt sınaqlara baxmayaraq, dilimiz öz saflığını, özünəməxsusluğunu və qüdrətini hər zaman mühafizə etmişdir. Xüsusilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan dilinin tərəqqisində, onun sadə xalq danışıq dilindən dövlət dili məqamına yüksəldilməsində, beynəlxalq aləmdə qəbul olunmasında və diplomatiya dilinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümummilli Liderimizin “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik” fikirləri onun milli dil siyasətinə verdiyi böyük dəyərin və uzaqgörən yanaşmanın bariz nümunəsidir. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar, atılan ardıcıl addımlar nəticəsində Azərbaycan dili bu gün milli qürur mənbəyimizə çevrilmiş, dünyada tanınan nüfuzlu bir dövlətin rəsmi dili statusunu şərəflə daşımaqdadır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, yaradılmış bütün süni maneələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyev ana dili mövzusunda öz qətiyyətli mövqeyindən heç vaxt geri çəkilməmişdir. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunarkən oraya dövlət dili barədə maddənin daxil edilməməsi ilə barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial duruşunu nümayiş etdirdi. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr edilən yeddinci sessiyasında çıxış edən Ümummilli Liderin təkidi ilə 73-cü maddəyə yeni dəyişiklik edilməsi qərara alındı. Bu əlavə Azərbaycan SSR-in dövlət dilinin məhz Azərbaycan dili olduğunu hüquqi şəkildə təsbit etdi. Bütün mürəkkəbliklərə rəğmən, Ümummilli Liderin belə bir tarixi uğura imza atması mənəvi varlığımızın təməli olan dilimizin tərəqqisində müstəsna addım oldu. Azərbaycan dilinin qloballaşma çağının mənfi təsirlərindən mühafizə olunması və zənginləşdirilməsi yolunda Ulu Öndərin göstərdiyi səylər xalqımız üçün əvəzsiz mirasdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası tərtib edilərkən dövlət dilinin adı ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdü. Rəylərin böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili kimi rəsmiləşdirilməsi müdafiə olunurdu. Aparılan geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna uyğun olaraq Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili kimi işlənməsini öz müstəqil dövlətçiliyinin başlıca rəmzlərindən biri hesab edir, onun tətbiqi, hifz olunması və inkişafı qayğısına qalır, dünya azərbaycanlılarının bu dildə milli-mədəni özünüifadə tələbatlarının ödənilməsinə zəmin yaradır. Həmin Qanun Konstitusiyaya müvafiq olaraq ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyir.

Deputat diqqətə çatdırıb ki, Ümummilli Liderin ana dilimizin mühafizəsi və inkişafı istiqamətində atdığı tarixi addımlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərimiz milli kimliyimizin qorunmasında ana dili və ədəbiyyatımızın əsas amillərdən olduğunu vurğulayaraq bildirmişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir". Dövlət başçısının bu strategiyanı ardıcıl şəkildə aparması ana dilimizin zənginləşməsi və təkmilləşməsi prosesini daha da sürətləndirib. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" və gerçəkləşdirilən digər mühüm tədbirlər yürüdülən dil siyasətinin əyani göstəriciləridir. Bütün bunlar elmi müəssisələrimiz, alimlərimiz, ziyalılarımız, pedaqoqlarımız, eləcə də hər bir vətəndaşımız qarşısında yeni məsuliyyət və vəzifələr qoyur. Dövlət başçımız qətiyyətlə bəyan edir: "Biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Müasir dövrün çağırışlarını və reallıqlarını əsas götürən Azərbaycan Prezidentinin «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamı mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin hifz olunması baxımından mühüm tarixi addımdır. Sözügedən Dövlət Proqramının reallaşdırılmasında əsas məqsəd Azərbaycan dilinin tətbiqinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma dövrünün tələblərinə uyğun işlədilməsi və ölkədə dilçilik araşdırmalarının keyfiyyətcə yaxşılaşdırılması idi. Dövlət başçısının “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı da Azərbaycan dilinin inkişafı və işlənmə dairəsinin genişləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Həmin Fərmandan irəli gələn tapşırıqların icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi təsis olunmuşdur.
K.Bayramov əlavə edib ki, bu gün Azərbaycan dilinin hər tərəfli tərəqqisi, onun dövlət idarəçiliyində, təhsil sistemində, elmdə və mədəniyyət aləmində əsas ünsiyyət vasitəsi kimi möhkəmlənməsi, eləcə də dünyanın en mötəbər beynəlxalq kürsülərindən ana dilimizdə nitqlərin səslənməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə sürdürülən uzaqgörən dövlət dil siyasətinin bariz bəhrəsidir. Həyata keçirilən bu məqsədyönlü kurs sayəsində Azərbaycan dili nəinki milli kimliyimizin baş sütununa, həm də müasir, dinamik cəmiyyətimizin inkişafına xidmət edən mühüm amilə çevrilmişdir.