29 iyul 2026 16:51
135

Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi

Azərbaycan xalqının  ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqın keçdiyi tarixi yol, yaratdığı mədəni irs, formalaşdırdığı dünyagörüşü və milli düşüncə sistemi məhz dil vasitəsilə gələcək nəsillərə ötürülür. Buna görə də ana dilinin qorunması təkcə mədəni məsələ deyil, eyni zamanda milli təhlükəsizlik, dövlətçilik və milli kimliyin qorunması məsələsidir. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir.

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə siyasi hakimiyyətə gələn dahi azərbaycanlı Heydər Əliyev milli xilaskar kimi ana dilimizi qorumaqla və digər fövqəl xidmətləri ilə özünəqayıdış, özünüdərkə gedən yolun əsasını yaratdı. Keçmiş ittifaq dövründə milli dillərin istifadəsinin məhdudlaşdırılması istiqamətində aparılan siyasət Azərbaycan dilinin də inkişafına mənfi təsir göstərirdi. Belə bir şəraitdə ana dilinin dövlət dili statusuna yüksəldilməsi uğrunda mübarizə aparmaq böyük siyasi iradə və milli məsuliyyət tələb edirdi. Ulu Öndər Heydər Əliyev bu tarixi məsuliyyəti öz üzərinə götürərək Azərbaycan dilinin hüquqlarının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirdi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi zamanı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması milli tariximizin dönüş nöqtələrindən biri oldu. Bu qərar təkcə hüquqi norma deyil, həm də xalqın milli özünüdərkinin, gələcək müstəqilliyə hesablanmış uzaqgörən siyasətin təzahürü idi. Həmin addım sonralar müstəqil Azərbaycanın dil siyasətinin möhkəm hüquqi və ideoloji əsasını formalaşdırdı.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı kimi məsələlərlə yanaşı, Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsini də daim diqqət mərkəzində saxlayırdı. Məhz bu diqqəti sayəsində Ümummilli Lider ana dilimizin gerçək adını da özümüzə qaytardı. Müstəql Azərbaycanın rəhbəri kimi Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanmasını və inkişaf etdirilməsini dövlət quruculuğunun prioritet istiqamətlərindən biri hesab edərək ana dilimizə dövlət qayğısını artırdı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirildi, təkliflər irəli sürüldü və onların böyük əksəriyyəti ana dilimizin Azərbaycan dili adlandırılması təklifini dəstəklədi. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Məhz onun sayəsində latın qrafikalı əlifbaya keçid prosesi sürətləndi və bununla da qardaş türk xalqlarına daha da yaxınlaşma dövrü başlandı. Ümummilli Liderin Azərbaycan dilinin dövlət statusunun təmin edilməsi ilə bağlı təsdiq etdiyi sənədlər ədəbi dilin daha da zənginləşdirilməsi, tətbiq dairəsinin genişləndirilməsi baxımından olduqca səmərəli oldu. Ümummilli Lider Heydər Əliyevin imzaladığı 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində və ictimai həyatın bütün sahələrində geniş tətbiqinə yeni impuls verdi. Elə həmin dövrdə Dövlət Dil Komissiyasının yaradılması dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə imkan yaratdı. 2002-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə bu sahədə hüquqi mexanizmləri müəyyənləşdirdi. Beləliklə, Azərbaycan dili yalnız milli ünsiyyət vasitəsi deyil, dövlət idarəçiliyinin, qanunvericiliyin, təhsilin, elmin və diplomatiyanın əsas dili kimi mövqeyini daha da gücləndirdi

Sonrakı illərdə bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilinə xüsusi qayğı göstərən dövlət başçısı qloballaşan və informasiya dünyası şəraitində Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və görülən işlər fərəh doğurur. Ölkə Prezidenti cənab  İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamlarına əsasən növbəti illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış və ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşdirilmişdir.  Ana dilimizə heyranlığını, ehtiramını, sevgisini  əməli işi ilə sübut etmiş Prezident İlham Əliyevin qeyd etdiyi kimi müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli- mənəvi dəyərlər olub. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü də xalqımızın öz dilinə bağlılığının, dövlətimizin isə ana dilinə göstərdiyi yüksək qayğının təcəssümüdür. Prezident İlham Əliyevin “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” fikri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin inkişafı yeni məzmun qazanmışdır. Süni intellekt texnologiyalarında, elektron xidmətlərdə, rəqəmsal platformalarda və beynəlxalq informasiya resurslarında Azərbaycan dilinin daha geniş istifadəsi artıq strateji prioritetlərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ana dilimizin müasir texnologiyalar dövründə də rəqabət qabiliyyətini artırır.  Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on milyonlarla soydaşımız üçün Azərbaycan dili Vətənlə mənəvi bağlılığın əsas rəmzidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri