29 iyul 2026 12:57
88

Yaponiyada əhalinin sayı son 42 ildə ilk dəfə 120 milyondan aşağı düşüb

Yaponiya hökumətinin açıqladığı son statistik məlumatlara əsasən, ölkədə əcnəbilər nəzərə alınmadan yaponların sayı son 42 ildə ilk dəfə 120 milyon nəfərlik həddən aşağı enib. Məlumata görə, son bir il ərzində yaponların sayı 916 min nəfər azalaraq 119,736 milyon nəfərə geriləyib. Bu, 1968-ci ildən bəri qeydə alınan ən sürətli azalma tempidir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yerli əhalinin azalmasına qarşılıq, Yaponiyada yaşayan əcnəbilərin sayısı tarixdə ilk dəfə 4 milyon nəfər həddini keçib. Əcnəbi sakinlərin də daxil edildiyi ümumi əhali sayı isə 123,7 milyon nəfər təşkil edir.

Yaponiyada son illərdə müşahidə olunan rekord dərəcədə aşağı doğum səviyyəsi cəmiyyətin sürətlə qocalması ilə müşayiət olunur. Yerli ekspertlər xəbərdarlıq edirlər ki, bu meyil yaxın gələcəkdə ciddi sosial-iqtisadi problemlərə yol aça bilər. Xüsusilə, hazırda çalışan vətəndaşların təqaüd yaşına çatdıqda indiki təqaüdçülər qədər ödəniş ala bilməməsi riski yaranır.

Proqnozlara əsasən 2053-cü ilə qədər Yaponiya əhalisinin 100 milyon nəfərə,  2065-ci ilə qədər isə 88 milyon nəfərə qədər azalacağı gözlənilir (həmin dövrdə əhalinin 38%-ni 60 yaşdan yuxarı şəxslər təşkil edəcək).