31 iyul 2026 00:14
89

Təbrik əvəzinə töhmət...

Ermənistandakı parlament seçkilərindən 24 gün keçsə də Rusiya Prezidenti baş nazir Nikol Paşinyanı hələ də təbrik etmir. İki gün əvvəlki telefon danışıqlarında da Vladimir Putin həmkarını yenə də qələbə münasibəti ilə təbrik etməyib, daha doğrusu, heç o məsələnin üstünə gəlməyib, yəni, təbriki “unudub.” Amma bu, heç də unutqanlıq deyil, saymazlıq və töhməti əvəz edən təsir üsullarından biridir.

Nikol Paşinyanın seçki qalibiyyətindən sonra Moskvanın rəsmi təbrik göndərməməsi beynəlxalq hüquq müstəvisində birbaşa normativ öhdəliklərin pozulması kimi təsnif edilməsə də, dövlətlərarası münasibətlər praktikasında, xüsusilə, "Comitas Gentium", yəni beynəlxalq nəzakət adəti kontekstində Rusiyanın Ermənistandakı mövcud siyasi rəhbərliyə və onun xarici siyasi xəttinə qarşı aydın nümayiş etdirdiyi diplomatik demarşdır. Telefon danışığının baş tutması faktı Rusiyanın Ermənistandakı hakimiyyəti de-fakto təmas tərəfdaşı kimi tanımağa məcbur olduğunu göstərsə də, rəsmi təbrik aktından imtina edilməsi bu münasibətlərin müttəfiqlik keyfiyyətini itirərək sırf texniki və məcburi qarşılıqlı təsir səviyyəsinə enməsini hüquqi-siyasi baxımdan təsbit edir. İrəvanın daxili auditoriyaya hesablanmış ritorik ironiyası siyasi legitimlik nümayişinə xidmət etsə də, Moskvanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hüquqi müqavilə bazasını təzyiq alətinə çevirməsi tərəflər arasındakı strateji çatların bərpasının son dərəcə mürəkkəb olacağını sübut edir. Nəticə etibarilə, rəsmi təbrikin olmaması Moskva tərəfindən İrəvanın Qərbə inteqrasiya cəhdlərinə verilən şüurlu diplomatik reaksiya olmaqla yanaşı, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və iqtisadi asılılıqların yenidən formalaşdığı gərgin bir geosiyasi dövrün başlandığını xəbər verir.

Məsələ yalnız təbrik deyil, onun arxasında olan ciddi narazılıqdır. Qısaca desək, töhmət təbrikə qalib gəlib. Rəsmi Moskva ona görə qəzəblidir ki, öz əllləri ilə qurduğu və qoruduğu Ermənistan altı ildir ki, onun orbitindən çıxmaq üçün yollar axtarır. Nikol Paşinyan Kremlin vassallığını qəbul etmək istəmir. O, Avropaya inteqrasiya etmək, qonşu ölkələrlə, ilk növbədə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq siyasəti yeridir. Ona görə də Kreml iqtisadiyyatı zəif olan keçmiş buyuruqçusunu aclığa düçar edib yenidən öz qapazının altına salmağa cəhd göstərir. Həm də bu həmləni elə etmək istəyir ki, məcburiyyət qarşısında qalan Ermənistan özü öz ayağı ilə gəlib ona yalvarsın, səhvini etiraf etsin, “göz yaşı töksün” və yenidən qulluğunda qul kimi dursun. Ancaq Avropaya sığınan və ondan ciddi dəstək alan Ermənistanı ram etmək Moskvaya müyəssər olmur. İqtisadi sanksiyaların tətbiqindən çəkinməyən Ermənistan ABŞ-dan, Fransadan, Niderlanddan və digər olkələrdən kompensasiya almaqla iqtisadi problemlərdən yaxa qurtarır. Dəstəkçi ölkələr Ermənistanın yenidən Rusiyanın təsir dairəsinə düşməsini qətiyyən istəmirlər. Hamının bildiyi həqiqətdir ki, Qərb ölkələrinin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və sonuncu imperiyanı yer üzündən silməkdir. 

Bu siyasətin həyata keçirilməsi üçün arada bir Ermənistan da müdafiədən çıxaraq əks-həmlələr edir. Məsələn, rus hərbçilərinin Zvartnos hava limanının qorunmasından çıxarılması, Rusiyaya qarşı təbliğat aparılması, rusların vəzifələrdən qovulması və s. Bir neçə gün əvvəl isə Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması gündəmə gətirilib. Halbuki tərəflər razılaşmışdılar ki, 102-ci baza 2044-cü ilədək Ermənistanda qalacaq. Ancaq Nikol Paşinyanın daha 18 il gözləmək fikri yoxdur. Belə olan təqdirdə qarşı tərəf daha da əsəbiləşir, yeni, daha ağır iqtisadi sanksiyalar tətbiq etməyə cəhd göstərir. Hətta bu kampaniyaya “Rossiya-1” telekanalının aparıcısı, Kremlin fəal təbliğatçılarından biri Vladimir Solovyovun başçılıq etdiyi “balalaykaçılar dəstəsi” də qoşularaq “şəkkak” Nikol Paşinyana hərzə-hədyan yağdırırlar. Rusiyanın isə Ermənistanın şıltaqlıqlarına dözmək həvəsi yoxdur.  Bu minvalla mübarizə daha da qızışır, miqyası genişlənir və dərinləşir. Peşimanı kim olacaq, bilmirik. Lakin çox çəkməz ki, yetənə yetən, yetmədiyinə bir daş atan faş olar. Onda peşimanın kim olduğu görünər.

Vəli İlyasov, “İki sahil”