30 iyul 2026 23:58
90

Daha bir dünya nəhəngi ölkəmizin strateji tərəfdaşıdır

Almaniya Azərbaycan qazından bəhrələnən növbəti Avropa dövlətidir

İyulun 21-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və imzalanan tarixi sənədlər Avrasiya məkanında təhlükəsizliyin və bu zaman iqtisadi əməkdaşlığın gələcək xəttini müəyyənləşdirmiş oldu. Bu, bir həqiqətdir ki, geosiyasi reallıqlar və qlobal iqtisadi transformasiyalar dövlətlərarası tərəfdaşlıq formatlarının yenidən nəzərdən keçirilməsini şərtləndiən əsas amillərdir. Məhz bu  kontekstdə Cənubi Qafqazın lider dövləti Azərbaycanla Avropanın aparıcı güclərindən sayılan Almaniya arasında qurulan dialoq və tərəfdaşlıq xüsusi strateji əhəmiyyətə malikdir. Səfər çərçivəsində ölkəmizin başçısının Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Fridrix Mertslə ali səviyyəli görüşləri, habelə tarixi sənədlərin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni, strateji müstəviyə keçməsinin aydın təzahürüdür. Xüsusilə Avropanın enerji və nəqliyyat arxitekturasının yenidən formalaşdığı bir dövrdə Avropa İttifaqının iqtisadi lokomotivi olan Almaniyanın Azərbaycanla birbaşa, praqmatik və bərabərhüquqlu dialoqa üstünlük verməsi böyük geoiqtisadi məzmuna malikdir.

Görüş zamanı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayıb. Görüşlərdə enerji təhlükəsizliyi müstəvisində də əhəmiyyətli mesajlar verilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında oynadığı rola toxunaraq, ölkəmizin Almaniya və Avstriyaya təbii qaz ixrac etdiyini diqqətə çatdırıb. Cənub Qaz Dəhlizi və İtaliyanın qazpaylayıcı şəbəkəsi vasitəsilə SOCAR Almaniya şirkətlərini illik təqribən 2 milyard kubmetr həcmində təbii qazla təmin edir. Avropa İttifaqına ixrac edilən Azərbaycan qazının təqribən 90 faizini İtaliya qəbul etdiyindən Almaniya müəssisələri bu resursu Avropanın vahid infrastrukturu daxilindəki svop-əməliyyatları sayəsində əldə edirlər. Təxminən on il müddətinə nəzərdə tutulan bu uzunmüddətli anlaşmalar Almaniyanın enerji təchizatında tək mənşədən asılılığını azaldır, Azərbaycanı isə Avropanın enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirir. SOCAR ilə Almaniyanın «Uniper» şirkəti arasında 2025-2026-cı illəri əhatə edən əməkdaşlıq proqramının imzalanması da bu münasibətlərin institusional xarakter aldığını təsdiqləyir.

Xatırladaq ki, Avropa İttifaqı uzun müddətdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Azərbaycan artıq Avropa İttifaqının 10 üzv dövləti də daxil olmaqla, ümumilikdə 16 ölkəyə təbii qaz ixrac edir. Karbohidrogen resursları ilə yanaşı, yaşıl enerjinin ixracı da tərəfdaşlığın yeni strateji istiqamətinə çevrilir. Almaniya Azərbaycanın külək və Günəş enerjisi potensialından istifadədə son dərəcə maraqlıdır. Bu, Avropaya enerji mənbələrini şaxələndirmək imkanı verir, Azərbaycana isə bərpaolunan enerji potensialını ixrac məhsuluna çevirmək şansı yaradır.

Ümumiyyətlə, ali səviyyəli görüşlərdə Azərbaycan -Almaniya münasibətlərinin dostluq xarakteri daşıdığı açıq aydın göründü.  Dövlətimizin başçısının Almaniyaya səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyi də məlumdur.  Yəni, bu gün Azərbaycanın Avropa üçün önəmi təkcə enerji ilə məhdudlaşmır. Bu gün ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və Avropa ilə Mərkəzi Asiyanı birləşdirən strateji kommunikasiyaların ayrılmaz hissəsi olaraq qiymətləndirilir.

Səfərin mühüm siyasi-hüquqi nailiyyəti Prezident İlham Əliyev və Kansler Fridrix Merts tərəfindən  «Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə»nin imzalanması oldu. Bununla bərabər, tərəflər arasında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair də Birgə Bəyannamə imzalandı. Bu sənədlər Bakı-Berlin xəttindəki münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qaldırır və iki ölkə arasında əməkdaşlığı vahid strateji çərçivəyə salır. Bir sözlə, Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 2025-ci ildə təqribən 1 milyard 376 milyon dollar təşkil edib. 2026-cı ilin ilk altı ayında isə qarşılıqlı ticarət göstəricisi təxminən 573 milyon dollara çatıb. Son beşillik dövrə nəzər saldıqda ticarət həcminin 68 faiz artdığı görünür. Bununla belə, Almaniyanın Azərbaycandan idxal etdiyi məhsulların əsas hissəsini xam neft təşkil edir və bu ölkə Azərbaycan neftinin ən böyük alıcıları arasında ilk onluqdadır. Azərbaycan isə Almaniyadan əsasən avtomobillər, maşın və avadanlıqlar, eləcə də yüksəktexnologiyalı elektron cihazlar idxal edir.

İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də Almaniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq prosesinə inteqrasiyasıdır. Azad edilmiş ərazilərdə tətbiq olunan «ağıllı şəhər», «ağıllı kənd» konsepsiyaları alman sənaye nəhənglərinin texnoloji imkanları ilə üst-üstə düşür. Almaniyanın alternativ enerji, şəhərsalma, su resurslarının idarə olunması və ətraf mühitin mühafizəsi sahəsindəki qabaqcıl təcrübəsi bölgədə aparılan genişmiqyaslı reabilitasiya işlərinə mühüm töhfə verə bilər. Bu da alman investorları üçün Azərbaycanda tamamilə yeni və gəlirli fəaliyyət meydanı açır.

Bundan başqa, Azərbaycan-Almaniya yaxınlaşması Avropa İttifaqının «Global Gateway» (Qlobal Keçid) strategiyası kontekstində də böyük önəm daşıyır. Berlin Bakının Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması, kommunikasiyaların açılması və regional inteqrasiya istiqamətindəki təşəbbüslərini dəstəkləyir. Almaniya anlayır ki, Şərq-Qərb tranzit şəbəkəsinin fasiləsiz fəaliyyəti məhz Cənubi Qafqazda uzunmüddətli sabitlikdən asılıdır. Bu baxımdan Berlin Ermənistanla sülh müqaviləsinin imzalanması prosesinə də birmənalı dəstəyini ifadə edir.
Məhz bü müsbət tenedensiyalar bir daha göstərir ki, Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni bir səhifə açmış oldu.

Elçin Zaman, «İki sahil»