Hindistan hakimiyyəti Baş nazir Narendra Modinin «Facebook»dakı paylaşımının qısamüddətli bloklanması ilə bağlı «Meta» şirkətinin rəhbərliyini izahat verməyə çağırıb.
“İki sahil” xəbər verir ki, bu barədə «ANI» agentliyinə Hindistanın elektronika və informasiya texnologiyaları nazirinin müavini S. Krişnan məlumat verib.

Nazir müavininin sözlərinə görə, hökumət şirkətdən «insidentin təfərrüatlarını aydınlaşdırmaq, həm texniki problemləri, həm də şirkətin siyasətini müzakirə etmək üçün yüksəkrütbəli nümayəndələrini göndərməsini» tələb edib.
«Meta şirkəti hökumətə məktub ünvanlayaraq baş vermiş hadisədən təəssüfləndiyini bildirib. Onlar baş verənlərlə bağlı öz izahatlarını təqdim edib və oxşar halların təkrar olunmaması üçün iyulun 28-dən etibarən tanınmış şəxslərin hesabları üçün yeni protokollar tətbiq etdiklərini diqqətə çatdırıblar», - deyə Krişnan vurğulayıb.
Nazir müavini əlavə edib ki, görüşün yaxın 7–10 gün ərzində keçirilməsi gözlənilir. Bu addım Narendra Modinin imtahan suallarının sızması ilə mübarizə tədbirlərinə həsr olunmuş videoçarxının «Facebook»dan müvəqqəti silinməsindən sonra atılıb.
İyulun 23-də yerləşdirilən həmin video iyulun 28-i səhər saatlarında müvəqqəti olaraq əlçatmaz olub. «Meta» nümayəndələri iyulun 28-də bəyan ediblər ki, kontent texniki xəta səbəbindən silinib və nasazlıq aşkar olunan kimi dərhal bərpa edilib.