Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət kursunda qardaş və dost dövlətlərlə münasibətlərin daha da inkişaf etdirilməsi, onların strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi xüsusi yer tutur. Bu siyasətin mühüm istiqamətlərindən biri də ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik Qırğızıstan ilə əməkdaşlığın bütün sahələr üzrə dərinləşdirilməsidir.
Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuş, Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi isə 2007-ci ildən fəaliyyətə başlamışdır. Ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf etmiş, iqtisadi, nəqliyyat, investisiya, humanitar və mədəni sahələrdə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Bu inkişafda ali səviyyəli qarşılıqlı dövlət səfərləri və intensiv siyasi dialoq mühüm rol oynayır.
Cari ilin 30–31 iyul tarixlərində Prezident İlham Əliyevin Qırğızıstana həyata keçirdiyi dövlət səfəri də məhz bu strateji xəttin növbəti uğurlu təzahürü oldu. Səfər çərçivəsində dövlət başçımız Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüş keçirdi, Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının III iclasında və imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak etdi. Bununla yanaşı, Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubunun açılış mərasimində iştirak edərək region dövlətləri arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə yönəlmiş siyasi iradəni nümayiş etdirdi.
Səfərin mühüm nəticələrindən biri iki ölkə arasında hüquqi müqavilə bazasının daha da genişləndirilməsi oldu. İmzalanan sənədlər sırasında Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsinə dair Əlavə Saziş, beynəlxalq avtomobil daşımaları haqqında Saziş, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və digər mühüm sənədlər yer aldı. Bu sənədlər ikitərəfli münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirməklə yanaşı, iqtisadi inteqrasiyanın yeni istiqamətlərini müəyyənləşdirir.
Səfər çərçivəsində xüsusi siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşünün keçirilməsi oldu. Görüşün yekunu olaraq qəbul edilən Çolpon-Ata Bəyannaməsi regional əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən, qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən və tərəflərin ortaq siyasi iradəsini əks etdirən mühüm strateji sənəddir. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini, Orta Dəhliz, nəqliyyat-logistika, enerji təhlükəsizliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndiyini göstərir.
O cümlədən, səfər çərçivəsində Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olundu.
Daha sonra Azərbaycan cə Qırğızıstan dövlətlərinin başçıları mətbuata bəyanatla çıxış etdilər.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi mesajlar göstərdi ki, ölkələrimiz arasında əməkdaşlıq artıq yalnız dostluq və tərəfdaşlıq çərçivəsində deyil, strateji müttəfiqlik müstəvisində inkişaf edir. Bu isə həm ikitərəfli münasibətlərin dərinləşməsi, həm də türk dünyasında inteqrasiyanın möhkəmlənməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Bu bəyanat bir daha göstərdi ki, Bakı və Bişkek beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional təhlükəsizlik məsələlərində koordinasiyalı fəaliyyət göstərmək, iqtisadi və ticari əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Bu yanaşma həm də geosiyasi dəyişikliklər fonunda türk dövlətlərinin qarşılıqlı həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.
Səfər zamanı imzalanmış sənədlər paketi siyasi dialoqun institusional əsaslarının möhkəmləndirildiyini, əməkdaşlığın isə artıq sistemli və uzunmüddətli xarakter aldığını təsdiqləyir.
Səfərin ən mühüm iqtisadi nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması oldu. Bu qərar tərəflərin iqtisadi əməkdaşlığa uzunmüddətli strateji investisiya kimi yanaşdıqlarını göstərir.
Fondun maliyyə imkanlarının genişləndirilməsi Qırğızıstanda yeni istehsal müəssisələrinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi, məşğulluğun artırılması və özəl sektor əməkdaşlığının genişlənməsi üçün mühüm zəmin formalaşdırır. Bununla belə, Azərbaycanın regionda etibarlı investor və inkişaf tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyəsi hesabına inşa edilən “Baku Resort & SPA” hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlığın konkret nəticələrindən biridir. “Bakı” adını daşıyan bu layihə yalnız turizm infrastrukturu deyil, həm də Azərbaycanın iqtisadi diplomatiyasının uğurlu nümunəsidir. Belə layihələr xalqlar arasında qarşılıqlı etimadı artırmaqla yanaşı, iqtisadi münasibətlərin sosial-humanitar ölçüsünü də gücləndirir.
Prezident İlham Əliyevin bəyanatında humanitar əməkdaşlıq xüsusi yer tutdu. Ağdam rayonunda Qırğızıstanın dəstəyi ilə inşa edilmiş “Manas” məktəbi Azərbaycan–Qırğızıstan münasibətlərinin ən parlaq rəmzlərindən biridir.
Bu layihə yalnız təhsil infrastrukturu deyil, həm də Qarabağın bərpasına göstərilən siyasi və mənəvi dəstəyin ifadəsidir. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra dost və qardaş ölkələrin yenidənqurma prosesində iştirakı beynəlxalq həmrəyliyin real nümunəsidir.
Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi iki xalqın ortaq tarixi köklərinin, mədəni dəyərlərinin və mənəvi yaxınlığının daha da möhkəmləndirilməsinə xidmət etməkdədir.
Bu təşəbbüslər göstərir ki, Azərbaycan və Qırğızıstan münasibətlərini yalnız siyasi və iqtisadi maraqlar üzərində deyil, ortaq mədəni irs və türk kimliyi üzərində də inkişaf etdirirlər. Bu isə əlaqələrin dayanıqlılığını təmin edən mühüm amillərdən biridir.
Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkür etməsi Azərbaycanın regionla münasibətlərində yeni geosiyasi mərhələnin başlandığını göstərir.
Azərbaycan Xəzər hövzəsi, Orta Dəhliz, nəqliyyat-logistika marşrutları, enerji təhlükəsizliyi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfələrlə Mərkəzi Asiya üçün etibarlı tərəfdaş statusunu daha da gücləndirib. Azərbaycanın bu platformaya qoşulması Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan əməkdaşlıq məkanının daha sıx inteqrasiyasına, regional iqtisadi layihələrin və nəqliyyat bağlantılarının genişlənməsinə xidmət edir.
Bu qərar eyni zamanda Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi və iqtisadi aktorlarından birinə çevrildiyini nümayiş etdirir.
Nəticə etibarilə,Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Səfər çərçivəsində verilən siyasi mesajlar, imzalanan sənədlər, iqtisadi qərarlar və humanitar təşəbbüslər göstərdi ki, Azərbaycan–Qırğızıstan əməkdaşlığı artıq çoxşaxəli və institusional xarakter alıb.
Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, investisiya əməkdaşlığının genişləndirilməsi, Qarabağın bərpasına verilən dəstək, ortaq mədəni irsin təşviqi və Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq platformalarında rolunun artması iki qardaş ölkə arasında münasibətlərin gələcək inkişaf perspektivlərinin son dərəcə güclü olduğunu göstərir. Bütün bunlar türk dünyasında inteqrasiyanın dərinləşməsinə, regional sabitliyin möhkəmlənməsinə və qarşılıqlı etimada əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verməkdədir.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini