02 avqust 2026 14:46
131

Məslək və amal şairi

Onunla uzun müddətdir ki, dostluq, yoldaşlıq edirəm. Üzündən, gözündən, sözündən, danışığından hiss edirsən ki, o zamanın ağır sınaqlarından çıxıb, saç-saqqalını da bu yollarda ağardıb. Amalından, məsləyindən, əqidəsindən və mə¬ramından heç vaxt dönməyib. Haqqı-halallığı özünün əzəli və əbədi yol yoldaşı seçib. Özünün yazdığına və söylədiklərinə görə atasının və anasının əllərini qabarlı görüb. Özünü, sözünü biləndən sonra bu yolla irəliləyib. Köksündə bu qabarları doğurub. “Tufanlara, boranlara sinə gərib. Neçə-neçə bahar¬ları müjdələyib”. Əsərlərinin birində “Atılmışam meydana qolumda yüz dost gücü”– deyən Xanəli Kərimli özü ilə oxucusu arasında bir halallıq körpüsü yaradır.

Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. O şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti, ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Xanəli Kərimli bir sıra elmi, ictimai və publisist məqalələrin müəllifidir. “Ay işığında”, “Anamdan məktub”, “Bu da bir nağıldı”, “Mənə elə gəlir ki,” “Duyğularım, düşüncələrim”, “Payız duyğuları”, “Tanrı müjdəsi”,”Mən haqqın yazan əliyəm” və sair kitabların müəllifidir. Şeir və yazıları muxtar respublika və ölkə mətbuatında dərc olunub. Bir çox şeirləri xarici dillərə tərcümə edilib. 

Dövrünün tanınmış ziyalıları şairin ədəbi fəaliyyətini və yaradıcılığını təhlil etmiş, müxtəlif məzmunlu məqalələr və yazılar hazırlamışlar. 

Yuxarıda söylədiyim kimi, Xanəli Kərimli məramından heç vaxt dönməyib. Misralarının birində söyləyir ki, 

Qarışqa yuvadan çıxanda belə,

Bilir ki, mənzili, yolu haradır.

Şair də məramla yaşamağa üstünlük verir. Və bildirir ki, bizim babalar məramlı yaşadıqlarına görə onların şöhrəti hər yana yayılıb. Məramsız yaşamağın sonunun işə peşmanlıq və hədər olduğunu bildirir. Şair yazır:

Nə qədər məramsız millət silinib,

Tarixin tərəfsiz daş səhifəsindən.

Ölkələr yaranıb, dövlət qurulub

Ölən millətlərin ərazisindən. 

Şairlərimizdən birinin aşağıdakı misraları yadıma düşür:

Sakit görünsə də çox zaman dəniz,

Orada tufan da, fırtına da var.

Xanəli Kərimlinin də qəlbini bir dənizə bənzətmək olar. Özü təbiətən nə qədər sakit görünsə də içi yatmış bir vulkandır. Söylədiyinə görə püskürəndə qiyamət olur. Biz şairin “Sabahların sabahına” adlı şeirindəki misralarında onun necə alov püskürdüyünün şahidi oluruq (Bu şeir 1993-cü ildə xalqımızın üzləşdiyi çətin sınaq dövründə yazılıb).Xanəli Kərimli həmin dövrdə Vətən üçün, Azad dövlət üçün, bircə damla qanına qıymayanları, tülkü kimi kol dibində kollananları, bircə çeynəm saqqız üçün utanmadan, qızarmadan Vətənini satanları, süfrəmizdə harınlaşanları məhşər ayağına çəkir. Onlara çalxanmasını, ayılmasını, dövlətinə, millətinə sahib çıxıb keşiyində ayıq-sayıq dayanmasını tövsiyə edir. Belə bir dövrdə biz Xanəli Kərimlini Vətəninin, xalqının önündə görürük. 

Mən qəlbimin yarasını,

Qan sızınca qaşımışam,

Zamanımın qorxusunun

Hürküsünün qarşısında

Əyilməyən, yenilməyən

Bir müqəddəs, bir şərəfli

Şair adı daşımışam.

Mən sözümün bir parasın dedim artıq,

Sabahların sabahına

Qoy sabahların sabahları

Batmasınlar bu günümün

Zamanımın günahına.

Biz dostlar da Xanəli Kərimlinin müdrik sözləri, ibrətamiz kəlamları ilə silahlanmışıq. Ondan çox şey öyrənmişik. O bizə çətinə düşəndə inamınızı, vüqarınızı itirməyin, ədəbli olun, deyir. Çünki inam və vüqar insanın ləyaqəti, ədəb isə onun bəzəyidir. Şair əsərlərinin hər birində cəmiyyətimizi narahat edən məsələlərə işıq salıb. Öz dünyası ilə baş-başa qalıb.

Deyir ki,

Əl qabarım qazancım olub.

Bir Allah, bir qələm, bir də ağ vərəq,

Mənim son ümidim, son andım olub.

Xanəli Kərimli xalqının şairidir. O yaxşı bilir ki, xalqını sevən şairlərin ən şərəfli “mükafatı” ya zindanlar bucağıdır, ya da dar ağacıdır. Onu da yaxşı bilir ki, “Bir haqq fikir üçün, bir haqq söz üçün” nə qədər şairi dara çəkiblər. Axı dünyanın hər bir dərdi şairə yükdür. Bunun üçün əsl şairlərin ürəyi dünyadan on qat böyük olmalıdır.

Şair yazır:

Yüz min ordu ola, yüz min topxana,

Onlar bir şairin verməz yerini.

Bu dünya o vaxt ki, haqqa gələcək,

Onda dərk edəcək şairlərini.

Şairin şeirlərini oxuyanda onun qəlbinin xalq üçün, Vətən üçün necə çırpındığını hiss etməmək olmur. Zamanın belə dövründə xalqın ümidlə Ağ atlı oğlanın nə vaxtsa gəlib onları xilas etməsini gözlədiyi halda şair Sahib-zamanın gələn vaxtının çatdığını arzulayır və ürək ağrısı ilə deyir:

Üfüqdə saralan, sozalan Günəş,

Mənim millətimin sönən vaxtıdır.

İlahi, məsləhət sənindir ancaq,

Sahib-zamanın gələn vaxtıdır.

Bəli, Sahib-zaman gəlmişdi. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan dövlətinin  möhkəmləndirilməsi üçün siyasi, iqtisadi sahə ilə yanaşı Ordu quruculuğunda da uğurlu islahatlar aparırdı. Ulu Öndərimiz Heydər Əliyev işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını, ordumuzun gücləndirilməsində və şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasında görürdü. İllər keçirdi. Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun zəfər yolunu addım-addım bizə yaxınlaşdırırdı.

Belə bir gün gəlib çatdı. Ordumuz 44 günlük Vətən müharibəsindən qalib ayrıldı. Həmin gün mən dostum Xanəli Kərimlini çox nikbin gördüm. Sevinci yerə-göyə sığmırdı. Ordumuzun qələbəsi münasibətilə bir-birimizi təbrik etdik. O, əlindəki yazını mənə uzatdı. Bu onun “Bayrağını uca qaldır Ana Vətən, indi meydan, söz sənindir” adlı poeması idi. Poemada deyilirdi:

Bayrağını uca qaldır ana Vətən, indi meydan, söz sənindir,

Bütün tarix sədlərini əbədilik qırmaq üçün, enmək üçün.

Vətənimin sərhəddinə, son həddinə, son səddinə dönmək üçün,

Zaman döyür qapımızı, yaman döyür qapımızı.

Bu poema az bir müddət içərisində bir çox mətbuat orqanlarında dərc olundu. Naxçıvan Televiziya və Radiosunda aktyorlarımız tərəfindən səsləndirildı. Bu poema Xanəli Kərimlinin poeziyamıza sanballı bir töhfəsi idi.  Mən bir oxucu kimi deyə bilərəm ki, bu poema nəinki Xanəli Kərimlinin eləcə də, poeziyamızın şah əsəridir.

Qarşıdan əziz dostum Xanəli Kərimlinin 75 illik yubileyi yaxınlaşır. Bütün fəaliyyətini, yaradıcılığını xalqının azadlığına, xoşbəxtliyinə həsr edən, haqqın səsini, öz canında, iliyində, qanında tapan  şair dostumu ürəkdən təbrik edir, xeyirli günlər arzulayıram. Qələmin iti, kəsərli, ömür ağacın barlı-bəhərli olsun! Bir şeirinizdə Tanrıya xitabən yazdığınız kimi:

Əsirgəmə Lütfünü

Mənimtək bir qulundan.

Mən ki, sənin yolçunam,

Yolçu dönməz yolundan.

Müjdəli sabahlara gedən yolun aydın olsun. 75 yaşın mübarək, qardaşım!

Səfiyar Abışov,
Naxçıvan Dövlət Unversitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin müəllimi