SOCAR-ın İtaliyadakı fəaliyyəti hazırda “Italiana Petroli” (IP) şirkəti vasitəsilə tam fasiləsiz şəkildə davam etdirilir. Şirkət İtaliyanın enerji bazarında geniş logistika və pərakəndə satış infrastrukturu ilə fəaliyyət göstərən aparıcı operatorlardan biridir. IP ölkə üzrə 4500-dən çox yanacaqdoldurma məntəqəsini, neft emalı və məhsul saxlanması üzrə mühüm sənaye aktivlərini əhatə edən geniş şəbəkəyə malikdir.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.
“SOCAR-ın İtaliyadakı fəaliyyətinin gələcək təşkilati strukturu ilə bağlı bütün zəruri addımlar planlı şəkildə həyata keçirilir. Müvafiq proseslər başa çatdıqdan və zəruri prosedurlar tamamlandıqdan sonra əlavə məlumat ictimaiyyətə təqdim ediləcək”, - deyə şirkətin məlumatında qeyd olunur.
Xatırladaq ki, SOCAR 2025-ci ilin sentyabrında İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin 99,82 faiz səhmlərinin “API Holding”dən alınması barədə saziş imzalayıb. Səhmlərin alınması prosesi bu ilin mayında tamamlanıb. Mayın 28-də isə Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" (paylama və satış) platformalarından biridir. 1933-cü ildən mobillik və “downstream” sahəsində fəaliyyət göstərən şirkət 1600 işçisi, 4500 IP markalı yanacaqdoldurma məntəqəsi şəbəkəsi, iki neft emalı zavodunda təxminən 10 milyon ton emal gücü və bütün ölkə üzrə yayılmış logistika sistemi ilə bazarda ilk özəl oyunçudur. 90 ildən artıq tarixə malik “IP Qrup” İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində mühüm rol oynayır.
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir