İspaniyanın Milli Kəşfiyyat Mərkəzi (CNI) Seutada sərhədin kütləvi şəkildə yarılması riski barədə krallığın Daxili İşlər Nazirliyinə dəfələrlə xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Cadena SER" radiostansiyası məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, iyulun 30-da başlayan miqrasiya böhranından əvvəlki bir neçə həftə ərzində xüsusi xidmət orqanları tərəfindən DİN-ə bir neçə xəbərdarlıq siqnalı göndərilib.
Mənbələr İspaniya Ali Məhkəməsinin iyulun 8-də qəbul etdiyi qərarı dönüm nöqtəsi kimi qiymətləndirirlər. Həmin qərar üzərək gələn miqrantların dərhal ölkədən çıxarılmasını qadağan edirdi.
İspaniya hökumətindəki mənbələr bildirirlər ki, insan alveri ilə məşğul olan qanunsuz şəbəkələr sosial şəbəkələr və mesencerlər vasitəsilə Ali Məhkəmənin qərarını təhrif edərək yayıblar. Onlar insanları inandırıblar ki, Seutaya çata bilən hər kəsə İspaniyada qalmağa icazə veriləcək.
Təhlükəsizlik orqanlarındakı mənbələr təsdiqləyirlər ki, Seuta sərhədində təhlükəsizliyi təmin etmək üçün kifayət qədər resurs olmadığından DİN bu xəbərdarlıqları görməzdən gəlib.
İspaniya Daxili İşlər Nazirliyi isə kəşfiyyatdan «heç bir bildiriş və ya xəbərdarlıq» almadığını iddia edir. Bununla belə, qurum iyulun ortalarından etibarən Seutaya üzərək gələnlərin sayında artım qeydə alındığını etiraf edib və axın artdıqca sərhəd nəzarəti tədbirlərinin gücləndirildiyini bildirib.
Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib
İtaliyanın keçmiş Baş nazirindən iddia: Seutadakı hadisələr qəsdən təşkil olunub