03 avqust 2026 16:15
106

Qaxda Aqrar Biznes Festivalı keçirilib

Qax Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Qax Günləri" çərçivəsində rayonun "İçəribazar" qala kompleksi ərazisində Aqrar Biznes Festivalı təşkil olunub.

“İki sahil” nazirliyə istinadla xəbər verir ki, festivalın məqsədi regionun aqrar potensialının tanıdılması, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumları və özəl sektor nümayəndələrinin təqdim etdiyi xidmətlərin nümayişi, innovativ texnologiyaların təşviqi, eləcə də aqrar sahədə həyata keçirilən dövlət dəstəyi mexanizmləri barədə ictimaiyyətin məlumatlandırılması olub.

Festival çərçivəsində rayonun kənd təsərrüfatı məhsulları, yerli istehsal nümunələri, aqrar texnologiyalar, innovativ həllər və kənd təsərrüfatında istifadə olunan müasir avadanlıqlar sərgilənib. Ziyarətçilər həm yerli istehsalçıların məhsulları ilə yaxından tanış olmaq, həm də aqrar sahədə tətbiq olunan müasir texnologiyalar barədə ətraflı məlumat əldə etmək imkanı qazanıblar.

Tədbirdə "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı"nın əsas hədəflərini əks etdirən təqdimat materialları nümayiş etdirilib. Stendlərdə bitkiçilik və heyvandarlıq sahələrinin inkişafı, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, emal sənayesinin genişləndirilməsi, eləcə də fermer və sahibkarlar üçün nəzərdə tutulmuş dövlət dəstəyi mexanizmlərini əks etdirən təqdimat materialları nümayiş etdirilib. Festival iştirakçılarına Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, aqrar sahənin inkişaf istiqamətləri və mövcud dəstək alətləri barədə ətraflı məlumat verilib.

Festivalda nazirlik yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də elmi-tədqiqat institutları fəaliyyət istiqamətlərinə uyğun stendlərlə təmsil olunub. Fermer və sahibkarlar üçün göstərilən xidmətlər, fitosanitar və baytarlıq xidmətləri, elmi-tədqiqat nəticələri, innovativ layihələr və digər dövlət dəstəyi alətləri barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub.

Festival çərçivəsində fermerlər, sahibkarlar və digər iştirakçılar dövlət qurumları, elmi müəssisələr və özəl sektor nümayəndələri ilə birbaşa ünsiyyət quraraq göstərilən xidmətlər, yeni texnologiyalar və əməkdaşlıq imkanları ilə tanış olublar.