04 avqust 2026 01:11
89

Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, görüşdə Qəzzada sülh planının ikinci mərhələsinə keçid üçün hazırlanan yol xəritəsi müzakirə olunub və HƏMAS-ın bu təşəbbüsə müsbət yanaşdığı bildirilib.

Tərəflər İsrailin yol xəritəsinə cavab vermək əvəzinə Qəzzada hücumlarını artırmasından narahatlıq ifadə edib, bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini vurğulayıblar.

Görüşdə İsrailin Qəzza ilə yanaşı, İordan çayının Qərb sahili və Qüdsdə fələstinlilərin hüquqlarını pozması məsələləri də müzakirə olunub.

Həmçinin Qəzzada sülhün təmin olunması üçün Türkiyə, Qətər və Misirin birgə səylərinin əhəmiyyəti qabardılıb.