Azərbaycan bazarında iyul ayı üzrə süni intellekt çat-botlarının bazar payına dair məlumatlar açıqlanıb.
“İki sahil” xəbər verir ki, Trend-in "Global Stats" Statistika Mərkəzinin məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin iyul ayında Azərbaycanda süni intellekt çat-botları bazarında "ChatGPT"nin payı 87,39 faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 1,53 faiz bəndi artıb.
Eyni zamanda, ölkədə "Google Gemini"dən istifadə əvvəlki ayla müqayisədə 4,06 faiz bəndi artaraq 8,54 faizə çatıb.
Məlumata əsasən, iyul ayında Azərbaycan bazarında "Perplexity"nin payı 2,44 faiz, "Claude"un payı 1,1 faiz, "Microsoft Copilot"un payı isə 0,53 faiz olub.
Beləliklə, "ChatGPT" Azərbaycanda süni intellekt çat-botları bazarında lider mövqeyini qoruyub saxlayaraq ən yaxın rəqiblərini əhəmiyyətli dərəcədə qabaqlayıb.
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanın Elmə və Təhsil nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "OpenAİ" şirkəti ilə Anlaşma memorandumu imzalayıb. Memorandum 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.
Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.
Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.
İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq formalaşdırılır. “OpenAI” ilə əməkdaşlıq süni intellektin təhsilə inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə uzlaşır.