07 avqust 2026 12:22
77

Azərbaycan Perunun aparıcı enerji şirkətindən pay alıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan "Inkia Energy" şirkətinə investisiya qoyub.

“İki sahil” bu barədə Fonda istinadla xəbər verir.

Məlumata görə, bu ilin fevral ayında Kanadanın pensiya fondu olan "Canada Pension Plan Investment Board" ("CPPIB") "Inkia Energy" şirkətinin 50 % payını "I Squared"dən əldə edib. Qalan 50 % pay isə ARDNF-nin də iştirak etdiyi və "I Squared"in idarə etdiyi investisiya strukturu vasitəsilə satın alınıb.

"Inkia Energy" hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 %-ni təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.

"Inkia Energy" Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Sözügedən investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli, dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

"I Squared Capital" orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard ABŞ dollarından artıq məbləğdə aktivə malikdir. 2012-ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktur sahələrini əhatə edən investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.

Hazırda "I Squared Capital"ın investisiya portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞ-nin Mayami şəhərində yerləşir, Əbu-Dabi, London, Münhen, Nyu-Dehli, San-Paulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.