07 avqust 2026 09:09
42

Rəqəmsal bankçılıq: müştəri gözləntilərindən innovativ həllərə

Samir Abdullayev: AccessBank üçün rəqəmsal transformasiya sadəcə texnoloji yenilənmə deyil, müştərilərə daha sürətli, rahat və təhlükəsiz xidmət təqdim etməyə yönəlmiş strateji inkişaf istiqamətidir


Texnologiyaların sürətli inkişafı bank sektorunda xidmətlərin təqdimolunma formasını köklü şəkildə dəyişir. Rəqəmsallaşma artıq yalnız əməliyyatların onlayn müstəviyə keçirilməsi deyil, müştəri təcrübəsinin yenidən qurulması, xidmətlərin daha çevik və əlçatan olması, qərarvermə proseslərinin sürətləndirilməsi və dəyişən gözləntilərə operativ cavab verilməsi baxımından mühüm strateji istiqamətə çevrilib. Bu proses banklardan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, müştəri ehtiyaclarını qabaqcadan görməyi, onların gündəlik maliyyə davranışlarına uyğun həllər formalaşdırmağı və rəqəmsal imkanlardan daha səmərəli istifadə etməyi tələb edir.

Bu baxımdan AccessBank rəqəmsal transformasiyanı bankın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirərək rəqəmsal kanalların və onlayn xidmətlərin genişləndirilməsi, müştəri təcrübəsinin təkmilləşdirilməsi, innovativ məhsul və xidmətlərin hazırlanması istiqamətində işlərini davam etdirir. Rəqəmsal bankçılığa artan tələbat fonunda əsas məqsəd texnologiyanı yalnız vasitə kimi deyil, müştəriyə daha rahat, sürətli və keyfiyyətli xidmət göstərməyə imkan verən mühüm alət kimi formalaşdırmaqdır.

Rəqəmsal transformasiyanın bankın fəaliyyətinə təsiri, həyata keçirilən layihələr, müştəriyönümlü innovativ yanaşmalar və gələcək inkişaf prioritetləri ilə bağlı mühüm məqamları AccessBank-ın Layihələrin İdarə olunması və Metodologiya Departamentinin rəhbəri Samir Abdullayev ilə söhbətimizdə ətraflı nəzərdən keçirdik.


-AccessBank rəqəmsal bankçılığın inkişafını strateji prioritetlərindən biri kimi müəyyənləşdirir. Bu istiqamətdə hazırda hansı əsas layihələr həyata keçirilir və rəqəmsal xidmətlərin genişləndirilməsi üçün hansı addımlar atılır?
-AccessBank üçün rəqəmsal transformasiya sadəcə texnoloji yenilənmə deyil, müştərilərə daha sürətli, rahat və təhlükəsiz xidmət təqdim etməyə yönəlmiş strateji inkişaf istiqamətidir. Bu məqsədlə Bank rəqəmsal kanalların imkanlarının genişləndirilməsi, müştəri proseslərinin sadələşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması üzrə ardıcıl iş aparır.
Hazırda əsas prioritetlərimizdən biri müştərilərin bank məhsullarından məsafədən və tam rəqəmsal formada istifadə imkanlarının genişləndirilməsidir. Bu çərçivədə rəqəmsal identifikasiya və KYC (Know Your Customer – Öz Müştərini Tanı) proseslərinin təkmilləşdirilməsi, mövcud və yeni müştərilər üçün rəqəmsal onboarding (xidmətə qoşulma) həllərinin inkişafı, depozit, kredit və kart məhsullarının tam rəqəmsal formada təqdim olunması istiqamətində layihələr həyata keçirilir.
Bununla yanaşı, açıq bankçılıq (Open Banking) həllərinin inkişafı, kartdan-karta köçürmələr və ödəniş xidmətlərinin genişləndirilməsi, VISA Click to Pay kimi innovativ ödəniş texnologiyalarının tətbiqi və AniPay ekosisteminə inteqrasiyanın dərinləşdirilməsi üzərində işlər aparılır.
Rəqəmsal xidmətlərin genişləndirilməsi ilə paralel olaraq, informasiya təhlükəsizliyi və məlumatların qorunması istiqamətində də davamlı investisiyalar edilir. Biometrik yoxlamalar, cihazın identifikasiyası (device binding), təkmilləşdirilmiş autentifikasiya mexanizmləri və mobil tətbiqin təhlükəsizliyinin gücləndirilməsi üzrə bir sıra təşəbbüslər həyata keçirilir.
-Müştəri məmnuniyyətinin artırılması məqsədilə AccessBank rəqəmsal kanallar və onlayn xidmətlər üzrə hansı yenilikləri tətbiq edir? Bu yeniliklər müştəri təcrübəsinin təkmilləşdirilməsinə necə töhfə verir?
-Müştəri təcrübəsinin davamlı olaraq yaxşılaşdırılması AccessBank-ın rəqəmsal strategiyasının əsas hədəflərindən biridir. Bu istiqamətdə myAccess platformasında istifadəçi rahatlığını artıran həm funksional, həm də dizayn yenilikləri mütəmadi olaraq həyata keçirilir.
Son dövrdə tətbiq edilmiş yeniliklər sırasında təkmilləşdirilmiş kart əməliyyatları funksionallığı, ödəniş və köçürmə proseslərinin sadələşdirilməsi, əməliyyat qəbzlərinin daha rahat paylaşılması, bütün hesab növləri üzrə əməliyyat bildirişlərinin təqdim edilməsi və tətbiqin müxtəlif bölmələrinin yenilənmiş dizaynı xüsusi yer tutur.
Eyni zamanda, müştərilərin bank xidmətlərindən daha çevik istifadə etməsi üçün rəqəmsal KYC həlləri istifadəyə verilib, müxtəlif bank əməliyyatlarının filiala gəlmədən onlayn icrası imkanları genişləndirilib. Ödəniş, köçürmə və kart xidmətləri üzrə proseslərin sadələşdirilməsi nəticəsində əməliyyatların icra müddəti azalır, istifadəçi təcrübəsi isə daha intuitiv və rahat olur.
Bank həmçinin təhlükəsizlik və rahatlıq arasında optimal balansın təmin edilməsinə xüsusi önəm verir. Biometrik təsdiqləmə, Face ID (üzün tanınması texnologiyası) və digər təhlükəsizlik həllərinin tətbiqi müştərilər üçün həm yüksək təhlükəsizlik səviyyəsi yaradır, həm də gündəlik əməliyyatların daha sürətli həyata keçirilməsinə imkan verir.
-Rəqəmsal bankçılıq xidmətlərinə artan tələbat fonunda AccessBank müştərilərin gözləntilərinə uyğun yeni məhsul və xidmətlərin hazırlanması istiqamətində hansı yanaşmanı tətbiq edir? Bu sahədə hazırda hansı əsas istiqamətlər üzrə iş aparılır?
-AccessBank yeni məhsul və xidmətlərin hazırlanmasında müştəriyönümlü yanaşmanı əsas prinsip kimi qəbul edir. Müştərilərin davranışları, rəqəmsal kanallardan istifadə vərdişləri və bazardakı tendensiyalar mütəmadi olaraq təhlil edilir və bu məlumatlar yeni həllərin formalaşdırılmasında əsas rol oynayır.
Hazırda Bankın diqqət mərkəzində kredit, depozit və kart məhsullarının tam rəqəmsal formada təqdim olunması dayanır. Mövcud müştərilər üçün nağd kreditlər, mikrokreditlər, kredit kartları, debet kartları, cari hesablar və əmanət məhsullarının rəqəmsal kanallar vasitəsilə əldə olunmasını təmin edən həllər üzərində iş aparılır.
Bundan əlavə, myAccess üzərindən bütün əsas pərəkəndə məhsullarının, o cümlədən kredit və kredit kartların rəsmiləşdirilməsi prosesləri mobil tətbiqinin istifadəçi təcrübəsi baxımından optimallaşdırılması ilə yanaşı əsas prioritetimizdir.
Məqsədimiz müştərilərin gündəlik maliyyə ehtiyaclarını mümkün qədər sadə, sürətli və təhlükəsiz şəkildə qarşılamaq, eyni zamanda filiala ehtiyacı minimuma endirən tam rəqəmsal bankçılıq təcrübəsi təqdim etməkdir. Bu istiqamətdə AccessBank yaxın illərdə də rəqəmsal həllərin inkişafına və innovativ texnologiyaların tətbiqinə investisiya yatırmağa davam edəcək.