08 avqust 2026 09:47
124

İnfantino sabiq sevgilisinə 160 min maaş yazdırıb

FIFA prezidenti Canni İnfantinonun UEFA-da baş katib kimi çalışdığı dövrdə sabiq sevgilisinə təzminat ödənilməsini təmin etdiyi iddia olunur.

“İki sahil” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin məlumatına görə, sözügedən qadın UEFA-nın inzibati aparatında çalışıb. İnfantino ilə münasibətləri başladıqdan sonra o, rəhbər vəzifəyə yüksəlib və maaşı 30 faiz artırılaraq 160 min İsveçrə frankına çatdırılıb.

UEFA-nın sabiq prezidenti Mişel Platini yaranmış vəziyyətdən narazılığını bildirib. Bundan sonra qadının qurumdakı fəaliyyətinə xitam verilməsi və ona təzminat ödənilməsi qərara alınıb. İnfantinonun keçmiş həmkarlarının sözlərinə görə, ödənilən məbləğ “ən azı altırəqəmli” olub.

Bundan əlavə, UEFA qadının illik 45 min funt sterlinq dəyərində MBA təhsilinin xərcini də qarşılayıb.

UEFA ödəniş faktını təsdiqləyib və həmin dövrdə İnfantino ilə əməkdaş arasında münasibət olduğu barədə şayiələrdən xəbərdar olduğunu bildirib. Qurum əlavə edib ki, sonradan daxili qaydalar daha sərt standartlara uyğunlaşdırılıb.

FİFA isə bəyanat yayaraq İnfantinonun bu iddiaları təkzib etdiyini bildirib.

Qeyd edək ki, Canni İnfantino 2000-ci ildən UEFA-da çalışıb, 2009-2016-cı illərdə qurumun baş katibi olub. 2016-cı ilin fevralında isə FIFA prezidenti seçilib.