11 avqust 2026 19:52
92

Bir zəngin sirri…

Əvvəllər Rusiyaya, Fransaya zəng edən Paşinyan indi Azərbaycana  edir

Bu, Prezident İlham Əliyevin bölgədə yaratdığı yeni reallıqların diktəsidir

Avqustun 8-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Hər iki ölkənin rəhbərləri sülh prosesinin irəlilədilməsində Prezident Donald Trampın və Amerika Birləşmiş Ştatları Hökumətinin oynadığı mühüm rolu xüsusi vurğulayıblar. Tərəflər ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd ediblər.

Telefon danışığında iki ölkə arasında iqtisadi və ticari əlaqələrin inkişafının sülhün faydalarının konkret təzahürü olduğu vurğulanıb. Bu kontekstdə tərəflər Azərbaycanın neft məhsullarının Ermənistana ixracını, habelə tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınmasını qeyd ediblər.Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq TRIPP marşrutunun icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Əslində, Nikol Paşinyanın Azərbaycan Prezidentinə telefon etməsi sadə bir məsələ kimi görünsə də bu zəngin arxısında böyük siyasi mətləblərin durduğu görünür. Belə ki, əgər əvvəllər Nikol Paşinyan regiondakı ümumi vəziyyəti təhlil etmək üçün Fransaya, Rusiyaya, hətta ABŞ-yə zənglər edirdisə indi Azərbaycana zəng edir. Bu onun nəticəsidir ki, qalib Azərbaycan dövləti və onun qətiyyətli lideri Cənubu Qafqazdakı yeni reallıqların müəllifidir. Məhz bu reallıqla həm qonşumuz, həm də onu himayə edənlər barışmalı, onun diqtə etdiyi şərtləri qəbul etməlidirlər.

 Digər bir önəmli faktı da qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan ermənilər anladılar ki, ölkəmizə qarşı ərazi iddiası irəli sürmək əvəzinə,  onunla sülh şəraitində yaşamaq mövcud 29 min kvadratmetrlik Ermənistanın itirlməməəsinə şərait yarada bilər. Qeyd edək ki, məhz bu həqiqəti ilk anlayan və dilə gətirən də elə ölkəsi məğlub duruma düşən baş nazir Nikol Paşinyan oldu. Qarabağı uzən müddət işğalda saxlayan terrorçu, korrupsioner  Robert Koçaryan  və Serj Sarkisyanın birləşdikləri  «Qarabağ klanı»nından bezən erməni cəmiyyəti son beş ildə Nikol Paşinyanı seçki ilə iki dəfə hakimiyyətə gətirdi. Hətta 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun bir günlük lokal antitreror əməliyyatlarından sonra ləğv edilən sepapartçı xuntanın Ermənistandakı tör-töküntülərinin fəaliyyətini qadağan edən Paşinyan höküməti erməni ictimiaiyyətinə anlatdı ki, revanşizm ölkəsini iflasa sürükləyə bilər.

Hazırda Azərbaycan dövləti regionda sülhün və sabitliyin qarantı hesab edilir. Eyni zamanda, ölkəmiz Ermənistanı təkcə sülhə çağırmır, həm də bu ölkəyə  iqtisadi və humantar yardımlarını davam etdirir. Bu isə ermənilərlə azərbaycanlılar arasındakı etimad mühitini yaradan mühüm amildir. Qeyd edək ki, Azərbaycan-Ermənistan münasibətlərində ən çətin məsələlərdən biri uzun illər ərzində formalaşmış qarşılıqlı inamsızlıq idi. Məlumdur ki, iki ölkə arasında hüquqi və siyasi sənədləri hazırlamaq ən asan işdir. Ancaq xalqlar arasında düşmənçilik psixologiyasını qısa müddətdə dəyişmək isə mürəkkəb məsələdir. Bu mürəkkəb məsələni həll etmək üçün isə Azərbaycanla Ermənistan arasında real iqtisadi münasibətlərin yaranması vacibdir. Məsələyə mövcud kontekstdən yanaşsaq, demək olar ki, Azərbaycan məhsulunun Ermənistan bazarına daxil olması, Ermənistan ərazisindən və Azərbaycandan keçən tranzitin artması bir növ sülhün gündəlik həyata daxil olmasıdır. Bir sözlə, sülh danışıqları artıq ölkə liderlərinin və siyasətçilərin masasında müzakirə edilən məsələ yox, həm də qarşılıqlı iqtisadi əməkdaşlıqda da özünü göstərməlidir.

Məlumdur ki,  2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyevlə, Baş nazir Nikol Paşinyan Vaşinqtonda önəmli sənədlər imzaladılar. Həmin sənədlər Cənubi Qafqazdakı vasitəçilik modelinin dəyişdiyini nümayiş etdirdi. Yəni, Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmin gün sülh sazişinin mətnini paraflamaqla yanaşı, ATƏT-in Minsk qrupu kimi antiAzərbaycan bir təşkilətın fəaliyyətini  bloklayaraq onu tarixin zibilliyinə atdılar. Eyni zamanda, Zəngəzur dəhlizinin  (TRIPP) açılmasına dair layihələrin hazırlanması üçün Prezident Donald Trampın qətiyyətli  vasitəçiliyi öz müsbət təsirini göstərməyə başladı. Belə ki, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək bu dəhliz istiqamətində xeyli işlər görüb. Qeyd edək ki, Zəngəzur dəhlizi  həm də Orta Dəhlizin bir hissəsinə çevriləcəkdir. Erməni cəmiyyəti də anlayır ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkələrini beynəlxalq loqistik məkanın bir hissəsinə çevirə bilər.

Elçin Zaman, "İki sahil"