Dövlət başçısı İlham Əliyev amerikalı həmkarı Donald Trampa məktubunda bir daha bu əminliyi ifadə edir ki, biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri, strateji tərəfdaşlığı genişləndirmək, yeni məzmunla zənginləşdirmək əzmindəyik

Prezident İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin başlanğıcı oldu. Cənab İlham Əliyev bu günlərdə ABŞ Prezidenti Donald Trampa məktubunda diqqəti həmin səfərə yönəldərək “Keçən ilin avqustunda Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ ikitərəfli əlaqələri baxımından da mühüm tarixi əhəmiyyətə malikdir. Məhz həmin görüşün nəticəsində dövlətlərarası münasibətlərimiz keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu. 6 ay sonra Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri və səfər zamanı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantılar, nəqliyyat, süni intellekt, təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, habelə son bir il ərzində reallaşmış ali və yüksəksəviyyəli təmaslar və əldə olunmuş razılaşmalar qısa zaman kəsiyində qət etdiyimiz uğurlu yolun və Sizin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyiniz önəmin göstəricisidir” söyləyərək onu da əlavə etdi ki, bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz. Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan-Amerika münasibətlərində tarixi il
Bu gün yeni mərhələyə daxil olan Azərbaycan-ABŞ münasibətlərinin fonunda ölkəmizin ədalətli mövqeyinə dəstəyi aydın şəkildə görürük. Dövlət başçısı İlham Əliyevin bu ilin əvvəlində yerli televiziya kanallarına ənənəvi müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində lazımi səviyyədə münasibətlər qura bilməmişdi. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya Prezident başda olmaq şərti ilə çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də, bizim üçün də önəmlidir.

Qeyd edək ki, Vaşinqton Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb, diplomatik münasibətlər isə 1992-ci il fevralın 19-da qurulub. Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Tarixi sülh razılaşmasından sonra münasibətlərdə uğurlu inkişaf diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Cənab İlham Əliyev Prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini önə çəkərək onu da qeyd etmişdir ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. Bu əminlik də ifadə edilmişdir ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır. Cənab İlham Əliyevin bu fikirləri ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə olan inamın təzahürüdür. Dövlətimizin başçısı Prezident seçilməsi münasibətilə Donald Trampla telefon danışığında da bildirmişdir ki, Sizin fəaliyyətiniz dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentliyi dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət yetirdiyini vurğulayan dövlətimizin başçısı onu da əlavə etmişdir ki, ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarıq.
Bugünkü reallıqlarımız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı söylənilən əminliyin artıq gerçəkləşməkdə olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında Davos Dünya İqtisadi Forumunun 56-cı iclası çərçivəsində də Prezident Donald Trampla görüşdü. Həmin görüş bir daha iki ölkənin, o cümlədən iki liderin münasibətlərinin təqdimatı oldu. Azərbaycanın ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin, eyni zamanda, yüksələn xətlə inkişaf etməkdə olan Azərbaycan-ABŞ münasibətlərinin təqdimatı oldu. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etdi. İclasdakı çıxışında Prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq.

İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır
Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksəksəviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısı İlham Əliyevə bayramlarda, əlamətdar günlərdə ünvanladığı məktublarda da Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirir. ABŞ Prezidentinin Azərbaycanla birgə əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyevin bu il keçirilən İV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər də Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirildi. “Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında münasibətlər haqqında soruşdunuz. Deyərdim ki, həmin münasibətlər Tramp Administrasiyası ilə Azərbaycan arasında əladır və biz çox şadıq ki, o əlaqələr həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir” söyləyərək bu reallıqları da xüsusi vurğuladı ki, bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik. Xüsusən də yaratdığımız həmin işçi qruplar ticarət və sərmayələr, rəqəmsal transformasiya və süni intellekt, enerji təhlükəsizliyi və bağlantılar, müdafiə və hərbi məhsulların satışı üzərində çox fəal şəkildə çalışırlar. Birləşmiş Ştatlar Azərbaycana silah təchizatına dair bütün embarqonu aradan qaldırıb və bundan dərhal sonra eyni addımları Birləşmiş Krallıq və Avropa İttifaqının digər üzvləri atıblar. Düşünürəm ki, bunlar ikitərəfli münasibətlərimizin mahiyyətini, formasını və gələcək üçün potensialını çox yaxşı xarakterizə edir.
Son bir ildə dövlət və hökumət başçılarının görüşlərinə, imzalanan sənədlərə, gündəmə gətirilən məsələlərə diqqət yetirmək kifayətdir. Bu il, həmçinin ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Cənab İlham Əliyev nümayəndə heyətini qəbul edərkən Azərbaycanı ziyarət edən şirkətlərin siyahısına nəzər salararaq onların bir çoxu ilə uzun illər ərzində səmərəli əməkdaşlığımızın mövcud olduğunu vurğuladı. Bunu belə əsaslandırdı ki, müstəqilliyinin erkən illərindən Azərbaycan beynəlxalq tərəfdaşlığa çox açıq idi və bir çox beynəlxalq şirkətlərlə, o cümlədən ABŞ şirkətləri ilə yaxşı təmaslar qurmuşdur. Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq. Həmin qəbulda bu əminlik də ifadə edilmişdir ki, Amerika şirkətləri əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var.
Günümüzün reallıqlarından biri budur ki, bu gün Azərbaycan yalnız neft deyil, qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. COP29 Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların mövcudluğunu nümayiş etdirdi. Azərbaycan, eyni zamanda, tranzit imkanları ilə diqqətdədir. Azərbaycan regionda hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkədir. Özünü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edir. Bu gün Azərbaycan təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edir və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdədir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, hazırda üzərində işlədiyimiz layihələrdən biri Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Donald Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir. Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.
İqtisadiyyatı şaxələndirmək bizim qarşımıza qoyduğumuz hədəflərdən biridir. Ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Son 20 ildə 350 milyard dollar sərmayə çox böyük rəqəmdir. Sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Azərbaycan hər zaman xarici sərmayələrə açıq olub. Beynəlxalq əlaqələrimizin coğrafiyası genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var.
Göründüyü kimi, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensial mövcuddur. Donald Trampın Prezident seçilməsindən ötən dövrdə iki ölkənin münasibətlərində diqqət çəkən inkişaf gələcək barədə aydın təsəvvür yaradır. Dayanıqlı inkişafda, yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas amil sülhün, təhlükəsizliyin təmin edilməsidir ki, ABŞ Prezidenti Donald Trampın tarixi sülh razılaşmasının əldə edilməsində rolu özündə bütün məqamları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev bu il “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfəri zamanı həmin mükafatın təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı aylar tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
TRIPP layihəsi üzrə işlərə tezliklə başlanacaq
Dövlətimizin başçısının bu günlərdə ABŞ Prezidentinə məktubunda, həmçinin Donald Trampın cənab İlham Əliyevə telefon zəngində də Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub. Telefon danışığında o da qeyd edilib ki, Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib. Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib. Ötən bir il ərzində regionda sülh və sabitliyin təmin olunduğu, bölgədə sülhə xələl gətirə biləcək insidentin olmadığı məmnunluqla vurğulanıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib. Telefon danışığı əsnasında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib. Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin ötən ilin avqustunda ABŞ-a işgüzar səfəri zamanı Prezidentlər tərəfindən Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Hökuməti və ABŞ Hökuməti arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu ilin fevral ayının 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə rəsmi səfəri zamanı ABŞ_Azərbaycan əməkdaşlığında yeni mərhələ kimi dəyərləndirilən sənəd- Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı.
Təbii ki, əldə olunan bu nəticələr Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü və Azərbaycanın milli maraqlarına əsaslanan ardıcıl siyasətinin nəticəsidir. Dövlətimizin başçısı xarici siyasətin bütün istiqamətlərində Azərbaycanın maraqlarını ön planda saxlayaraq prinsipial mövqe nümayiş etdirir. Bu siyasət ölkənin həm regional proseslərdə mövqeyinin möhkəmlənməsinə, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərində yeni imkanların yaranmasına şərait yaradır. Nəticədə Azərbaycan təkcə Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında enerji, nəqliyyat, təhlükəsizlik və geoiqtisadi proseslərdə rolunu artıran dövlətə çevrilib.
Yeganə Əliyeva, “İki sahil”