12 avqust 2026 14:55
180

NAXÇIVANIN GƏLƏCƏYİNƏ APARAN YOL VƏ QƏDİM DİYARDA YENİ İNKİŞAF MƏRHƏLƏSİ

11 avqust 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi, iqtisadi və sosial əhəmiyyət daşıyan hadisə kimi yadda qaldı. Səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə həyata keçirilən tədbirlər Naxçıvanın müasir inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşıdakı illər üçün genişmiqyaslı layihələrin və strateji hədəflərin müəyyənləşdirildiyini nümayiş etdirdi. Dövlət başçısının səfər zamanı səsləndirdiyi fikirlər isə Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi və getdikcə artan əhəmiyyətə malik olduğunu bir daha ortaya qoydu. Cənab Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərdə muxtar respublikanın inkişafına kompleks yanaşma xüsusi diqqət çəkir. Burada söhbət yalnız ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsindən deyil, Naxçıvanın iqtisadi potensialının tam şəkildə səfərbər edilməsindən, əhalinin sosial rifahının yüksəldilməsindən, təhlükəsizlik imkanlarının möhkəmləndirilməsindən, enerji təminatının yeni mərhələyə keçirilməsindən və regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsindən gedir. Bu baxımdan səfər çərçivəsində təməli qoyulan və ya təqdimatı keçirilən layihələr vahid inkişaf konsepsiyasının ayrı-ayrı elementləri kimi qiymətləndirilir.

Naxçıvanın strateji mövqeyi onun təhlükəsizlik məsələlərinə daim xüsusi diqqət yetirilməsini şərtləndirir. Canab Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi mərasimində iştirakı da bu istiqamətdə dövlət siyasətinin davamlı xarakter daşıdığını göstərir. Müasir hərbi infrastrukturun formalaşdırılması və müdafiə qabiliyyətinin gücləndirilməsi Naxçıvanın təhlükəsizliyinin etibarlı təminatının mühüm şərtlərindən biridir. Bu yanaşma muxtar respublikanın geosiyasi mövqeyindən irəli gələn xüsusiyyətlərin nəzərə alınması ilə yanaşı, Azərbaycanın milli təhlükəsizlik siyasətinin bütövlüyünü də əks etdirir.

Səfərin mühüm istiqamətlərindən biri də Naxçıvanın enerji potensialının genişləndirilməsi ilə bağlı olmuşdur. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıq, eləcə də yeni enerji istehsalı layihələrinin müzakirəsi Naxçıvanda enerji siyasətinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, burada mövcud təbii və coğrafi imkanlardan istifadə etməklə bərpaolunan enerji istehsalının artırılması gələcəkdə muxtar respublikanın enerji ixracında da daha fəal iştirakına şərait yaradacaqdır. Bu istiqamət həm iqtisadi səmərəlilik, həm də yaşıl enerji siyasəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Enerji sektorunda həyata keçirilən layihələr Naxçıvanın iqtisadi inkişafının digər sahələri ilə də qarşılıqlı əlaqədədir. Enerji istehsalının artması sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və investisiya imkanlarının artırılması üçün mühüm baza formalaşdırır. Bu baxımdan Naxçıvan Sənaye Parkının təməlinin qoyulması xüsusi əhəmiyyət kəsb edir. Sənaye Parkının yaradılması muxtar respublikada istehsal imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi və yerli iqtisadi potensialın daha səmərəli istifadəsi baxımından yeni imkanlar yaradır.

Naxçıvanın gələcək inkişafında nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də mühüm yer tutur. Səfər zamanı dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanışlıq və elektrik mühərrikli yeni avtobusların təqdim edilməsi bu sahədə həyata keçirilən işlərin kompleks xarakter daşıdığını göstərir. Müasir nəqliyyat sisteminin yaradılması yalnız əhalinin rahatlığının təmin olunması baxımından deyil, eyni zamanda Naxçıvanın iqtisadi əlaqələrinin genişləndirilməsi, turizm imkanlarının artırılması və regionun nəqliyyat-logistika potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla tanışlıq isə muxtar respublikanın gələcəyinə uzunmüddətli baxışın mühüm göstəricisidir. Şəhərsalma prosesində müasir tələblərin, ekoloji prinsiplərin, əhalinin artan sosial ehtiyaclarının və şəhər infrastrukturunun perspektiv inkişafının nəzərə alınması Naxçıvanın daha müasir və rahat yaşayış məkanına çevrilməsinə imkan verəcəkdir. Bu baxımdan sosial evlər kompleksinin təməlinin qoyulması da sosialyönümlü dövlət siyasətinin mühüm istiqamətlərinin bariz nümunəsidir.

Səfər çərçivəsində DOST Regional Mərkəzinin açılışının həyata keçirilməsi sosial xidmətlərin əlçatanlığının artırılması baxımından əhəmiyyətli hadisədir. Müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən biri vətəndaş məmnunluğunun və dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsidir. Naxçıvanda belə bir mərkəzin fəaliyyətə başlaması sosial xidmətlərin daha çevik, şəffaf və müasir mexanizmlərlə təqdim edilməsinə xidmət etməklə yanaşı, dövlət-vətəndaş münasibətlərinin institusional baxımdan daha da möhkəmləndirilməsinə imkan yaradır.

Naxçıvanın inkişaf strategiyasında iqtisadi və sosial məsələlərlə yanaşı, onun zəngin tarixi-mədəni irsinin qorunması da xüsusi yer tutur. Səfər zamanı Möminə Xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və “Əcəmi seyrangahı” istirahət kompleksində Memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak bu baxımdan mühüm simvolik məna daşıyır. Naxçıvanın qədim dövlətçilik və memarlıq ənənələri Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Bu irsin qorunması yalnız tarixi abidələrin fiziki mühafizəsi ilə məhdudlaşmamış, eyni zamanda onların elmi, mədəni və turizm potensialından səmərəli istifadəni də əhatə etmişdir.

Tarixi-mədəni irslə müasir infrastrukturun paralel inkişaf etdirilməsi Naxçıvan üçün yeni turizm imkanları da yaradır. Naxçıvanın qədim abidələri, zəngin tarixi, təbii-coğrafi xüsusiyyətləri və müasir şəhər infrastrukturu ilə birlikdə muxtar respublikanın turizm potensialının daha geniş şəkildə reallaşdırılmasına imkan verir. Bu baxımdan yeni “Naxçıvan” Mehmanxana Kompleksinin təməlinin qoyulması da xidmət sektorunun və turizm infrastrukturunun inkişafına yönəlmiş mühüm addımlardan biridir.

Cənab Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərdən biri də muxtar respublikanın gələcək inkişafının Azərbaycanın digər strateji ərazilərinin inkişafı ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməsidir. Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə Azərbaycanın yeni regional inkişaf modelində mühüm rol oynaması üçün geniş imkanlar mövcuddur. Bu yanaşma müxtəlif regionların iqtisadi potensialının bir-birini tamamlamasına, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsinə, yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşmasına və Azərbaycanın regionlararası inkişaf modelinin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Cənab Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərinin ümumi mənzərəsi göstərir ki, Naxçıvanın inkişafı artıq yalnız cari sosial-iqtisadi məsələlərin həlli müstəvisində deyil, uzunmüddətli strateji perspektiv çərçivəsində nəzərdən keçirilir. Enerji, sənaye, nəqliyyat, şəhərsalma, sosial müdafiə, turizm, mədəni irs və təhlükəsizlik sahələrində paralel şəkildə həyata keçirilən layihələr bu strategiyanın çoxşaxəli xarakterini nümayiş etdirir. Səfər zamanı Cənab Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərin geniş coğrafiyası və müxtəlif istiqamətləri də bunu təsdiq edir. Qeyd etməliyəm ki, 11 avqust 2026-cı il tarixində Naxçıvanda həyata keçirilən tədbirlər muxtar respublikanın yeni inkişaf mərhələsinin mühüm göstəricilərindəndir. Cənab Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər və irəli sürülən prioritetlər Naxçıvanın qarşıdakı dövrdə Azərbaycanın iqtisadi, sosial, enerji və nəqliyyat strategiyasında daha fəal mövqeyə malik olacağına dair aydın təsəvvür yaradır. Bu prosesdə əsas məqsəd Naxçıvanın mövcud potensialını tam şəkildə reallaşdırmaq, əhalinin rifahını yüksəltmək, müasir infrastruktur formalaşdırmaq və muxtar respublikanı davamlı inkişaf edən, rəqabətqabiliyyətli və müasir regional mərkəzə çevirməkdir.

Sonda qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 11 avqustda Naxçıvana səfəri Naxçıvan üçün yalnız yeni layihələrin təməlqoyma və təqdimat mərasimləri ilə yadda qalan bir tarix deyil, həm də gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm siyasi və praktiki ifadəsi kimi dəyərləndirilir. Bu səfər Naxçıvanın tarixi əhəmiyyətini qorumaqla yanaşı, onun müasir Azərbaycanın iqtisadi və sosial inkişaf xəritəsində yeni və daha böyük mövqeyə hazırlanmasının aydın göstəricisi olmuşdur. Avqustun 11-də Naxçıvanda nümayiş etdirilən əsas mənzərə məhz budur: qədim diyarın gələcəyi artıq konkret layihələr, uzunmüddətli planlar və real quruculuq işləri ilə formalaşır. Naxçıvanın dünəni onun zəngin tarixidir. Bu günü genişmiqyaslı quruculuq və yenilənmə mərhələsidir. Sabahı isə bu gün atılan addımlarla müəyyənləşir. Bu səfər bir daha göstərdi ki, Naxçıvanın gələcəyi tarixə söykənən, müasirliyə açılan və uzunmüddətli inkişaf məqsədlərinə əsaslanan bir yol üzərində qurulur. Hər yeni layihə bu yolun bir hissəsidir. Hər yeni obyekt gələcəyə qoyulan sərmayədir. Hər yeni addım Naxçıvanın iqtisadi, sosial və mədəni potensialının daha geniş şəkildə reallaşdırılmasına xidmət edir. Naxçıvanın gələcəyi uzaq bir perspektiv deyil. O gələcək artıq bu gündən qurulur.

Vüsal Məmmədzadə,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı