ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutan telefon danışığından dərhal sonra mətbuatda daha bir önəmli məsələ müzakirə olumaqdadır. Bildirilir ki, Zəngəzur dəhlizində illərlə “ilişib qalmış” işlər canlandırılmalıdır. Orada diplomatik ifadələrlə işarə vurulur ki, bu nəqliyyat qovşağına alternativ də var və ondan da istifadə oluna bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan səfərindən məqsəd süni surətdə ayrı salınmış Naxçıvan bölgəsi TRIPP layihəsinə əsasən Yaxın Şərqə və Avropaya çıxış əldə edəcək. Bunun üçün Zəngəzur dəhlizi istifadəyə hazır olmalıdır.
Otuz altı ildən artıq müddətdə əsas ərazimizdən ayrı salınmış Naxçıvan torpağı blokada şəraitində qalmaqdadır. Prezident İlham Əliyev vəziyyətin çətin olmasına baxmayaraq Muxtar Respublikada aparılan turizm, abadlıq və quruculuq işlərinin gedişində razı qaldığını ifadə edib. Qeyd edib ki, süni surətdə yaradılan çətinliklərə baxmayaraq Naxçıvan bu gün regionun ən mühüm geosiyasi məkanlarından birinə çevrilir. Azərbaycan-Türkiyə və İran sərhədində böyük tranzit potensialı cəmləşib.
Lakin işlərin sürətinə mənfi təsir edənlər də var. TRIPP layihəsinin ləngidilməsində bəzi dövlətlərin pozucu fəaliyyəti Ermənistanı çaşdırır və işləri gecikdirməsinə vadar edir.
Ən kiçik məsələni belə illərlə həll etməyi bacarmayan Ermənistan altı ildir ki, Bakıdan Naxçıvana aparan şose və dəmir yolları aça bilmir. Qətiyyətsiz baş nazir Nikol Paşinyan “qan qardaşı” adlandırdığı ölkələrin cızdığı “qırmızı cizgiləri” keçib ölkəsinə sahiblik etməyi bacarmır. Azərbaycan isə vəziyyətin uzun müddət belə davam edəcəyinə izn vermir. Yalnız ABŞ-ın Ermənistana gəlməsi ilə ölkənin başçıları bir qədər “ürəklənərək” dövlət maraqlarını üstün tutmağa başlayıblar.
“Azərbaycanın Naxçıvan eksklavına maneəsiz çıxış əldə etməsi məsələsinə yeni düşüncə tərzi və yaradıcı üsullarla həll yolu tapılıb.”
Mətbuata istinadla xəbər verilir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi, kommunikasiya qovşağında aparılan işləri diqqətlə izləyən Stiven Uitkoff “Washington Examiner”də dərc olunan geniş məqaləsində bildirib.
ABŞ rəsmisi bunun ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla səmərəli işi sayəsində mümkün olduğunu qeyd edib. Xüsusi nümayəndə məqaləsində qeyd edib ki: “Görülən səmərəli işin nəticəsi TRIPP (və ya “Tramp marşrutu) konsepsiyası oldu. Bu gün TRIPP konsepsiyası zahirən həllolunmaz mübahisələrin sonsuz danışıqlar yolu ilə deyil, yaradıcılıq, güc və qarşılıqlı maraq vasitəsilə həll edilməsinin modeli kimi dünya miqyasında tanınıb. Son bir il ərzində ABŞ bu sazişin həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla işləyib. Gözləntimiz budur ki, TRIPP Xəzər dənizi vasitəsilə davam etdiriləcək və bu konsepsiya Yaxın Şərqdə də inkişaf etdiriləcək.”
Stiven Uitkoffun bu sözlərinin arxasında özünün izah etmədiyi digər məqsədlərin olduğu hiss edilir. Tramp marşrutunun Xəzər dənizi vasitəsi ilə davam etdirilməsi Azərbaycanın xeyrinə olacağı şübhə doğurmur. Yeni düşünülən nəqliyyat qovşağının Ermənistan üzərindən deyil Xəzər üzərindən reallaşdırılarsa bu variant da Azərbaycan üçün əlverişlidir. Ancaq Ermənistan və onun iddialı qonşuları üçün məqbul olmaya bilər. Yəni Azərbaycan hər hansı variant olursa-olsun onu geri çevirməyəcək və Uitkoffun dediyi kimi ondan yaradıcılıqla, qarşılıqlı maraq vasitəsi ilə istifadə edəcək. Beləliklə, Tramp marşrutu Yaxın Şərqlə Avropa ölkələri arasında birləşdirici nəqliyyat qovşağı olacaqdır. Bu, qısa yoldan istifadə edən ölkələrə böyük iqtisadi gəlirlər gətirəcək. Həm də yolun birləşdirdiyi ölkələr bir-birləri ilə asanlıqla iqtisadi əlaqələr yarada biləcəklər.
Marşruta qoşulan dövlətlərin təhlükəsizliyi ABŞ-ın daimi nəzarətində saxlanacaq. Prezident Tramp əvvəllər etdiyi çıxışlarında bu xüsusda danışarkən deyib ki, yolun keçdiyi hər hansı bir ölkəyə təhlükə yaranarsa ABŞ ona hər cür dəstək verəcəkdir. İndiki müharibələrlə dolu narahat dünyada bu, olduqca böyük önəm kəsb edir. Xalqlar əmin-amanlıq içərisində, maddi rifah halının daha da yaxşılaşdırılması şəraitində yaşamağı hər şeydən üstün tutur. Dövlətlərin əsas məqsədi, insanların arzusu da elə budur. Ona görə də haqlı olaraq Tramp marşrutunu Rifah yolu da adlandırırlar.
Xüsusi qeyd etməliyik ki, Ulu Öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin Naxçıvana diqqət və qayğıları bölgənin bugünkü inkişafına stimul verib. Lakin bu, hələ son deyil. Gündən-günə dəyişib gözəlləşən Naxçıvanın tarixində daha böyük dirçəliş və inkişaf mərhələsi hələ irəlidədir. Tramp marşrutu ilə bu mərhələ başlanacaqır.
Vəli İlyasov, “İki sahil”