14 avqust 2026 11:30
93

Sosial şəbəkələrdə reklam olunan dərmanlara güvənmək olarmı?

Sosial şəbəkələr artıq yalnız ünsiyyət və əyləncə üçün istifadə olunan platformalar deyil. İnsanlar burada gündəlik həyat üçün məhsullar və xidmətlərlə yanaşı, sağlamlıqla bağlı məlumat və məsləhətlər də axtarırlar. Son illərdə isə dərman vasitələri, vitaminlər və müxtəlif qida əlavələrinin sosial şəbəkələrdə reklamı və satışı daha çox diqqət çəkir. “İmmuniteti gücləndirir”, “Arıqladır”, “Vitamin çatışmazlığını aradan qaldırır”, “Yan təsiri yoxdur” kimi şüarlarla təqdim olunan məhsullar xüsusilə geniş auditoriyaya çatır.

Burada əsas problem məhsulların sosial şəbəkələrdə tanıdılması deyil. Məsələ ondadır ki, bəzi paylaşımlarda dərman və qida əlavəsi arasındakı fərq istehlakçı üçün aydın olmur. Nəticədə insan nə qəbul etdiyini, həmin məhsulun hansı məqsədlə istifadə edildiyini və onun sağlamlığı üçün risk yaradıb-yaratmadığını tam anlamadan qərar verə bilər. Problemin başqa tərəfi isə sosial şəbəkələrdə məhsulların bəzən tibbi müalicənin alternativi kimi təqdim edilməsidir. “Həkimə ehtiyac yoxdur”, “Bu vasitə problemi tam aradan qaldırır” və ya “Nəticə zəmanətlidir” kimi iddialar insanları özbaşına müalicəyə yönəldə bilər. Halbuki hər hansı dərman və ya əlavə vasitənin istifadəsi şəxsin yaşı, sağlamlıq vəziyyəti, qəbul etdiyi digər preparatlar və mövcud xəstəliklər nəzərə alınmaqla qiymətləndirilməlidir. Xüsusilə vitaminlərin tamamilə zərərsiz məhsul kimi qəbul edilməsi də insanları yanılda bilər. Vitamin çatışmazlığının olub-olmaması və hansı preparatın qəbul edilməsinin lazım gəldiyi hər bir insan üçün eyni deyil. Lazım olmadığı halda yüksək dozada və uzun müddət müəyyən vitaminlərin qəbul edilməsi də arzuolunmaz nəticələrə səbəb ola bilər.

Sosial şəbəkələrdə məlumatın çox sürətlə yayılması bəzi hallarda üstünlük yaratsa da, eyni zamanda, bu, problemin əsas səbəblərindən birinə çevrilir. Bir istifadəçinin məhsulla bağlı paylaşımı qısa müddətdə minlərlə insana çata bilir. Reklamın arxasında real tibbi əsasın olub-olmaması isə həmin auditoriyanın böyük əksəriyyəti tərəfindən yoxlanılmır. Üstəlik, məhsulun sosial şəbəkədə məşhur olması onun effektivliyinə və təhlükəsizliyinə təminat vermir. İzləyici sayı, müsbət şərhlər və tanınmış şəxslərin məhsulu tövsiyə etməsi tibbi cəhətdən məhsulun hər kəs üçün təsdiq olunduğu anlamına gəlmir. Bu baxımdan məsuliyyət yalnız istehlakçının üzərinə düşmür. Satıcı, reklam verən, məhsulu təqdim edən şəxs və platformalarda yayılan reklamların qanunvericiliyə uyğunluğu da diqqətdə saxlanılmalıdır. Eyni zamanda, vətəndaşın da aldığı məhsulun adını, tərkibini, qeydiyyatını və istifadə qaydalarını yoxlaması vacibdir. Əslində, sosial şəbəkədə dərman və vitamin reklamları ilə bağlı əsas problem məlumatın çoxluğu deyil, doğru və yanlış məlumatın bir-birindən ayrılmasının çətinləşməsidir. İnsan sağlamlığı ilə bağlı qərarın bir reklam videosuna, blogerin tövsiyəsinə və ya hər hansı tanışın şəxsi təcrübəsinə əsaslanması isə riskli seçimdir. Çünki sosial şəbəkələrdə yayımlanan bir neçə saniyəlik reklamın cavablandıra bilmədiyi əsas sual budur: həmin məhsul konkret olaraq bu insan üçün lazımdırmı? Bu səbəbdən sağlamlıq məhsullarının sosial şəbəkələrdə reklamına nəzarətin gücləndirilməsi ilə yanaşı, əhalinin dərman və qida əlavələri barədə savadlılığının artırılması da vacibdir.

Mövzu ilə bağlı “İki sahil”in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata əsasən, qanunvericiliyə görə, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilərən dərman vasitələrindən istifadə etmək tövsiyə edilmir, çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən olunmalıdır. Əks təqdirdə, düzgün istifadə edilməyən dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan  apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər, bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlama və daşınma şərtlərinə ciddi riayət edilməklə həyata keçirilməlidir.

Nazirlər Kabinetinin 14 aprel 2023-cü il tarixli, 318 saylı Sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə “Elektron Resept Sistemi” bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bu sistem, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edərək, qeydiyyatsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman vasitələrinin dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir.

“Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Dərman vasitələrinin dövriyyəsi zamanı reklam haqqında qanunvericiliyin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 428.4.-cü maddəsinə uyğun cəza tədbirləri nəzərdə tutulub. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Bəzən müxtəlif sosial şəbəkələrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin sifarişlə ölkəyə gətirilməsi barədə məlumatlara da rast gəlinir. Belə idxal prosesi qeyri-qanuni olduğu üçün bu zaman ölkəyə gətirilən dərman vasitələrinin lazımi daşınma və saxlanma şərtlərinə əməl olunub-olunmamasına nəzarət etmək mümkün olmur. İdxal zamanı dərman vasitələrinin daşınma və saxlanma şərtlərinə əməl olunmaması dərman vasitələrinin xarici kimyəvi və ya mikrobioloji mənşəli maddələrlə çirklənməsinə, dərman vasitələrinin müalicəvi təsir effektinin azalmasına, hətta sağlamlığa ağır zərbə vura biləcək xüsusiyyətlərinin də meydana çıxmasına səbəb ola bilər. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən belə hallar aşkarlanan zaman aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunur.

Qeyd olunur ki, bir çox halda sosial şəbəkələr vasitəsilə reklamı aparılan məhsulların dərman vasitəsi deyil bioloji aktiv qida məhsulları olması müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən bioloji aktiv qida məhsulunun idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindədir.

Məhsulun qeydiyyatda olub-olmaması necə yoxlanılır?

Vətəndaşlar dəman vasitəsinin qeydiyyatının olub-olmamasını AEM-in pharma.az saytına daxil olaraq öyrənə bilərlər. Bunun üçün saytın “axtarış” bölməsində “DV axtarışı”-nı seçmək, daha sonra maraqlandıran dərman vasitəsinin adını yazmaq kifayətdir. Əgər o dərman vasitəsi Azərbaycanda qeydiyyatdadırsa, mütləq onun barəsində içlik vərəqəsinə qədər bütün məlumatlar çıxacaq. Əgər heç bir məlumat tapılmırsa, deməli həmin dərman vasitəsinin qeydiyyatı yoxdur və onun istifadəsi müəyyən risklər yaradır.

AEM tərəfindən vətəndaşlara özəl tibb müəssisələri və aptek təşkilatları ilə bağlı qarşılaşdıqları hər hansı hallarla əlaqədar Analitik Ekspertiza Mərkəzinə müraciət etməli olduqları bildirilir.

Şahnigar Əhmədova, “İki sahil”