18 avqust 2026 20:55
85

İrpendən Bakıya uzanan dostluq körpüsü

Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluğa, qarşılıqlı faydalı əməkdaşlığa və milli maraqlara əsaslanır. Biri-birinin suverenliyini dəstəkləyən hər iki ölkə müstəqillik əldə etdikdən sonra siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələri inkişaf etdirməyə xüsusi önəm verib. Bu gün də bu əlaqələr davam etdirilir. Hətta Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından Azərbaycan bu ölkəyə müntəzəm olaraq humanitar yardım (dərmanlar, tibbi ləvazimatlar, xəstəxana avadanlığı, enerji texnikası və digər vacib məhsullar) göstərir. Azərbaycanda sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilən ukraynalı uşaqların sayı isə artıq 630-u keçib.

Üstəlik, Azərbaycan müharibədən sonra ziyan görmüş Ukraynanın İrpen şəhərinin bərpasına da öz töhfəsini verməkdədir. Belə ki, ölkəmizin dəstəyi ilə İrpenin “Linqvist” humanitar liseyi və İrpen Şəhər Mərkəzi Poliklinikası artıq bərpa edilib. Qeyd edək ki, bu məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə təhsil müəssisəsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə humanitar yardım olaraq 5 elektrik avtobusu da hədiyyə olunub. İrpendə Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə daha 4 layihənin icrasına da başlanılacaq. Bunlar hündürmərtəbəli binanın tikintisi, İncəsənət Mərkəzinin, Uşaq və Gənclər İdman Məktəbinin və Mədəniyyət Mərkəzinin bərpasıdır. Şübhəsiz, bu kimi humanitar təşəbbüslər Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır.

Bir məsələni də vurğulayaq ki, İrpen bizim Laçınla qardaş şəhərdir. Bu da təsadüfi deyil. Belə ki, Laçın da İrpen kimi işğal və hərbi əməliyyatlar yaşayıb, hazırda yenidən qurulur və sakinlər öz evlərinə qayıdırlar. Laçın və İrpen şəhərlərinin qardaşlaşmasını ölkələrimizin regionları arasında əməkdaşlığın təzahürü kimi də dəyərləndirmək olar.

Qeyd edək ki, bu şəhərdə nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın adını daşıyan park, küçə və məktəb var. Zərifə Əliyeva adına məktəb Azərbaycan hökumətinin və SOCAR-ın dəstəyi ilə ilk bərpa olunan təhsil müəssisələrindən biri olub.

Bir sözlə, Azərbaycanın İrpenə sarsılmaz dəstəyi ilə ölkələrimiz arasında möhkəm tərəfdaşlıq, həmrəylik və dostluq mövcuddur. Bütün bunlara görə, Ukrayna Prezidenti Zelenski İlham Əliyevə dəfələrlə təşəkkür edib. Məsələn, Ukrayna Prezidenti azərbaycanlı həmkarı İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik məktubunda bildirib ki, Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm: “Bu addımlar dövlətlərimiz arasında həqiqi həmrəyliyin və qarşılıqlı hörmətin təzahürüdür”.

Zelenskinin təbrik məktubundan da göründüyü kimi, Ukrayna Azərbaycanın təmənnasız yardımlarını çox yüksək qiymətləndirir. Elə avqustun 17-də Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsinin təqdim edilməsi bunun əyani sübutudur. Vəsiqə Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüş zamanı həmin ölkənin Azərbaycandakı səfiri Yuri Qusev tərəfindən təqdim edilib. Xatırladaq ki, Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adının verilməsi haqqında qərar İrpen Şəhər Şurası tərəfindən 2026-cı il aprelin 30-da qəbul edilib. Prezident İlham Əliyevə qəhrəman şəhər İrpenin fəxri vətəndaşı adının verilməsi haqqında qərarı, eyni zamanda, Ukrayna və Azərbaycan xalqları arasındakı dərin dostluğun simvolu kimi dəyərləndirmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”