İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin əməkdaşları Azərbaycan ilə Qazaxıstan arasında televiziya və radio yayımları, eləcə də mobil rabitə şəbəkələrinin tezlik koordinasiyası üzrə Astana şəhərində keçirilən ikitərəfli işçi görüşdə iştirak ediblər.
Rabitə administrasiyalarının təmsilçiləri və telekommunikasiya sahəsi üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə radiotezlik spektrinin səmərəli idarə olunması və sərhədyanı ərazilərdə elektromaqnit uzlaşmasının təmini ilə bağlı məsələlər müzakirə olunub.
Görüş çərçivəsində Xəzəryanı ərazilərdə televiziya və FM radio yayımlarının, həmçinin mövcud və perspektiv mobil rabitə şəbəkələrinin tezlik koordinasiyası məsələləri nəzərdən keçirilib. Müzakirələr nəticəsində radiotezliklərdən istifadənin səmərəli təşkili, qarşılıqlı maneə təsirlərinin minimuma endirilməsi və telekommunikasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən texniki razılaşmalar əldə olunub.
Bununla yanaşı, Qazaxıstana məxsus peyk şəbəkəsinin Azərbaycanın yerüstü radio kommunikasiya xidmətləri ilə elektromaqnit uzlaşması məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.
Aparılan müzakirələr təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl yanaşmaların öyrənilməsi və regional əməkdaşlığın inkişafına töhfə baxımından əhəmiyyətə malikdir.
Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib