Yeni araşdırma uzun müddət televizora baxmağın illər sonra beynin dil və düşünmə proseslərində iştirak edən bəzi bölgələrinin həcminin daha kiçik olması ilə əlaqəli ola biləcəyini göstərib. Tədqiqatçılar televizor qarşısında keçirilən vaxtla iş yerində oturaraq keçirilən vaxtın beyin sağlamlığına təsirinin eyni olmadığını da müəyyənləşdiriblər.

Araşdırmaya görə, orta yaşlarında daha çox televizora baxan insanların 20 ildən artıq müddət sonra aparılan beyin MRT müayinələrində beynin dil, düşünmə və koqnitiv nəzarətlə əlaqəli bəzi bölgələrinin həcmi daha kiçik olub. Tədqiqat ABŞ Milli Səhiyyə İnstitutlarının (NIH) maliyyələşdirdiyi uzunmüddətli araşdırmada iştirak edən 1700-dən çox şəxsin məlumatları əsasında aparılıb. Araşdırmanın əvvəlində 45-64 yaş arasında olan iştirakçılardan əvvəlki il ərzində televizora nə qədər baxdıqları və iş yerində nə qədər oturduqları soruşulub. İştirakçılar televizora baxma tezliyinə görə “heç vaxt”, “nadir hallarda”, “bəzən”, “tez-tez” və “çox tez-tez” olmaqla beş qrupa bölünüb. Televizora “çox tez-tez” baxdığını bildirən şəxslərdə beynin bir sıra bölgələrinin həcminin daha kiçik olduğu müəyyənləşdirilib. Bu bölgələr arasında dil və koqnitiv nəzarətlə əlaqəli sahələrlə yanaşı, alzeymer xəstəliyinin ilkin mərhələlərində daha həssas olduğu bilinən nahiyələr də olub.
Araşdırmada həmin şəxslərin beynində ağ maddə hiperintensliklərinin daha çox olduğu da müəyyənləşdirilib. MRT görüntülərində müşahidə olunan bu dəyişikliklər beynin kiçik damarlarının zədələnməsi ilə əlaqələndirilir və koqnitiv geriləmə və demensiya ilə bağlı ola bilər.
Corc Vaşinqton Universitetinin klinik dosenti, həkim Leana Wen televizora baxmağın iş yerində oturmaqdan fərqli təsir göstərməsinin mümkün səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bütün hərəkətsiz fəaliyyətləri eyni qiymətləndirmək düzgün deyil: “Televizora baxmaq əsasən passiv zehni fəaliyyət hesab olunur. İnsan ekrandakı məlumatı qəbul edir, lakin onu aktiv şəkildə təhlil etməyə və emal etməyə çox vaxt ehtiyac duymur. İş yerində oturmaq isə başqa xarakter daşıya bilər. Məsələn, elektron məktublara cavab vermək, layihə üzərində işləmək və həmkarlarla ünsiyyət qurmaq beynin müxtəlif funksiyalarını aktivləşdirir. Nəzərə almaq lazımdır ki, televizora baxmaqla müqayisədə mütaliə etmək, tapmaca həll etmək, yeni bacarıqlar öyrənmək və iş zamanı zehni fəaliyyət göstərmək daha çox koqnitiv səy tələb edir.”

Tədqiqat televizora baxmağın birbaşa olaraq beynin müəyyən hissələrinin həcminin azalmasına səbəb olduğunu sübut etmir. Bununla belə, nəticələr zehni baxımdan aktiv həyat tərzinin beyin sağlamlığının qorunmasına və demensiya riskinin azalmasına kömək edə biləcəyini göstərən əvvəlki araşdırmalarla uyğunluq təşkil edir.
Doktor Leana Wen araşdırmanın nəticələrinin ehtiyatla qiymətləndirilməli olduğunu vurğulayıb. O bildirib ki, bu, müşahidə xarakterli tədqiqatdır və buna görə də televizora daha çox baxmaqla beyində müşahidə olunan dəyişikliklər arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləmək mümkün deyil.
Tədqiqatçılar yaş, təhsil, fiziki aktivlik, siqaret və alkoqol istifadəsi, diabet, yüksək təzyiq və bədən kütlə indeksi kimi amilləri nəzərə alıblar. Lakin bütün mümkün təsirləri tamamilə aradan qaldırmaq mümkün deyil. Digər tərəfdən, beyindəki bəzi dəyişikliklərin insanların davranışlarına da təsir göstərməsi mümkündür. Yəni beyin sağlamlığında müəyyən dəyişikliklər olan insanlar televizora daha çox vaxt ayırmağa meyilli ola bilərlər. Buna görə də araşdırmanın nəticələrini “televizor beyinə zərər verir” kimi qiymətləndirmək düzgün olmaz. Bununla belə, uzun müddət passiv və hərəkətsiz fəaliyyətlə məşğul olmağın sağlamlıq baxımından arzuolunmaz nəticələri ola biləcəyini göstərən elmi dəlillər artır. Bu minvalda mütəxəssislərin əsas mesajı isə televizoru tamamilə həyatımızdan çıxarmaq deyil, uzunmüddətli passiv ekran istifadəsini azaltmaq və gündəlik həyatda fiziki və zehni aktivliyə daha çox yer verməkdir.
Şahnigar Əhmədova, “İki sahil”