24 avqust 2026 21:37
94

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Baş Prokurorluğun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Seymur Salah oğlu Salahzadənin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə Seymur Salahzadənin külli miqdarda dələduzluq cinayəti törətməsinə şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən olunaraq saxlanılması təmin edilib.

Hazırda Seymur Salahzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

“Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”, - deyə məlumatda vurğulanıb.