26 avqust 2026 11:44
77

200 milyard dollar Bakı şəhərinə büdcədən ayrılmış vəsait deyil

Bu, son 20 il ərzində şəhərin iqtisadiyyatına və inkişafına müxtəlif mənbələrdən yatırılmış investisiyaların məcmu həcmidir

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırıldığını bildirərkən büdcə vəsaitlərini deyil, bütövlükdə şəhərə və onun iqtisadiyyatına yönəldilmiş investisiyaların ümumi həcmini nəzərdə tutub.

Bu məqamın düzgün anlaşılması vacibdir. Söhbət Bakı şəhərinin büdcəsindən və ya dövlət büdcəsindən 200 milyard dollar vəsaitin xərclənməsindən getmir. Burada müxtəlif mənbələr hesabına şəhərə yatırılmış investisiyaları əhatə edən ümumi statistik göstəricidən söhbət gedir.

Bu göstəriciyə dövlət investisiyaları ilə yanaşı, yerli və xarici özəl şirkətlərin vəsaitləri, sahibkarların yatırımları, yaşayış binalarının və komplekslərinin, biznes və ticarət mərkəzlərinin, mehmanxanaların, zavod və fabriklərin, istehsal müəssisələrinin, eləcə də nəqliyyat, kommunal və digər infrastruktur obyektlərinin tikintisinə və inkişafına yönəldilən investisiyalar daxildir.

Üstəlik, son illərdə Bakının necə sürətlə dəyişdiyini və inkişaf etdiyini hər kəs əyani şəkildə görə bilər. Paytaxtda yeni yaşayış massivləri və müasir binalar tikilir, yollar və nəqliyyat infrastrukturu yenilənir, yeni istehsal və xidmət sahələri yaradılır, şəhər infrastrukturu genişlənir və müasirləşir. Bakının bugünkü siması son illər ərzində həyata keçirilmiş irimiqyaslı layihələrin və davamlı investisiya prosesinin real nəticəsidir.

Ona görə də iki onillik ərzində Bakı iqtisadiyyatına böyük həcmdə vəsaitlərin yatırılması tamamilə təbiidir. Söhbət təkcə dövlət tərəfindən həyata keçirilən layihələrdən deyil, eyni zamanda, özəl sektorun, tikinti şirkətlərinin, sənaye və xidmət müəssisələrinin, yerli və xarici investorların həyata keçirdiyi minlərlə müxtəlif layihənin ümumi həcmindən gedir.

Başqa sözlə, qeyd olunan 200 milyard dollar Bakı şəhərinə büdcədən ayrılmış vəsait deyil. Bu, son 20 il ərzində şəhərin iqtisadiyyatına və inkişafına müxtəlif mənbələrdən yatırılmış investisiyaların məcmu həcmidir.

Eldar Əzizovun çıxışındakı fikrə də məhz bu kontekstdə yanaşmaq lazımdır. Məqsəd Bakıda son iki onillik ərzində formalaşmış böyük investisiya miqyasını göstərmək və paytaxtın həm dövlət, həm də özəl sektor üçün cəlbedici və təhlükəsiz investisiya platforması olduğunu vurğulamaqdır.